Bakı. Trend:
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Həsənova Afət Əbil qızının Bakı şəhər Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, şəhid Hüseynov İsabala Ceyhun oğlunun bulaq kompleksinin qarşısında seçicilərlə görüşü keçirilib.
Trend xəbər verir ki, görüşü giriş sözü ilə açan namizədin vəkili Seymur Şeydayev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.
O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. O, deputatlığa namizəd Afət Həsənova haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Afət Həsənova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edən namizəd bildirib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır, həmçinin budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Afət Həsənova çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, növbəti dəfə deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa, fəaliyyəti dövründə yarım qalmış işləri tamamlamağa çalışacağına söz verib.
Görüşdə şəhid İsabala Hüseynovun atası Ceyhun Hüseynov, şəhid Muxtar Qasımlının atası Əli Qasımov və digər sakinlər çıxış edərək fəaliyəti dövründə vətəndaşların yanında olduğuna görə öz minnətdarlıqlarını bildirmiş, təklif və müraciətlərini səsləndirmişdilər.
Həmçinin çıxış edən seçicilər 1 sentyabr seçkilərində xalqın partiyası olan YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.