...

Minatəmizləmə əməliyyatlarının icra edildiyi bölgələrə səfərlər planlaşdırılır

Siyasət Materials 21 Avqust 2024 16:00 (UTC +04:00)
Minatəmizləmə əməliyyatlarının icra edildiyi bölgələrə səfərlər planlaşdırılır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun başçılıq etdiyi nümayəndə heyətinin 2024-cü ilin 19-30 avqust tarixlərində Tailand Krallığı, Laos Xalq Demokratik Respublikası, Vyetnam Sosialist Respublikası və Kamboca Krallığına işgüzar səfəri təşkil olunub.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinin tərkibi Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov, eləcə də Agentliyin müvafiq struktur bölmələrinin rəhbər şəxslərindən ibarətdir.

Qeyd edilən ölkələr mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik olan ölkələr sırasındadır.

Cari ilin 30-31 may tarixlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birgə təşkil etdiyi “Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfrans zamanı Agentlik və BMTİP arasında “Azərbaycan Respublikası ərazisində ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi”nin yaradılmasında əməkdaşlığa dair Niyyət Bəyannaməsi imzalanıb.

Qeyd edilmiş işgüzar səfərin məqsədi yaradılacaq Mərkəzlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, mina problemi ilə üzləşmiş bir sıra xarici dövlətlərdə yerləşən müvafiq mərkəzlər və bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsidir. Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı təlim mərkəzləri və minatəmizləmə əməliyyatlarının icra edildiyi sahələrdəki fəaliyyətlə tanışlıq məqsədilə bölgələrə səfərlər planlaşdırılır.

Səfər həm də Azərbaycanın üzləşdiyi mina problemi və onun aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə həmin ölkələrin və qeyd olunan regional təşkilatın ətraflı məlumatlandırılmasına və bununla da problemə beynəlxalq diqqətin artırılmasına müsbət təsir edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti