...

Avropa Parlamentinin Azərbaycanla bağlı absurd qətnaməsi siyasi riyakarlığın və ikili standartların təzahürüdür - Deputat Sevil Mikayılova

Siyasət Materials 24 Oktyabr 2024 18:21 (UTC +04:00)
Avropa Parlamentinin Azərbaycanla bağlı absurd qətnaməsi siyasi riyakarlığın və ikili standartların təzahürüdür - Deputat Sevil Mikayılova
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda insan haqlarının və beynəlxalq hüququn guya “pozulması” ilə bağlı, eləcə də, Ermənistanla münasibətlərə dair absurd qətnamə siyasi riyakarlığın və ikili standartların təzahüründən başqa bir şey deyil.

Bunu Milli Məclisin deputatı Sevil Mikayılova Avropa Parlamentinin plenar iclasında Azərbaycanda insan hüquqlarının və beynəlxalq hüququn vəziyyəti, eləcə də, Ermənistanla münasibətlərə dair qətnamənin qəbul edilməsinə münasibət bildirərkən deyib.

"Strasburqda vaxtı boşa sərf etdilər. Real çağırışlar boş siyasətçilik və manipulyasiya deyil, məsuliyyətli və konstruktiv yanaşma tələb edir", - S.Mikayılova bildirib.

Deputat vurğulayıb ki, Avropa Parlamenti və onun deputatları Ermənistanın fəal müdafiəçisi kimi çıxış etməklə və Azərbaycana qarşı əsassız bəyanatlar verməklə yenidən açıq-aşkar qərəzli mövqe nümayiş etdirdilər.

"Bu, Avropa Parlamentinin ölkənin real nailiyyətlərinə və tərəqqisinə məhəl qoymadan, digər regional oyunçuların destruktiv hərəkətlərini dəstəkləyərək tətbiq etdiyi ikili standartların növbəti sübutudur. Bu cür bəyanatlar birtərəfli məlumatlara əsaslanır və obyektiv yanaşmadan uzaqdır ki, bu da təşkilatın siyasi baxımdan qərəzli olduğunu göstərir. Geosiyasi məqsədlərinə çatmaq üçün Azərbaycana təzyiq göstərmək cəhdləri isə müəyyən siyasi dairələrin fiaskosudur", - S.Mikayılova bildirib.

Onun sözlərinə görə, Avropa Parlamenti ermənipərəst parlamentarilərin əsirinə çevrilib.

"Strasburqda Avropanın Məşğulluq və Sosial Hüquqlar üzrə Komissarı Nikolas Şmit müzakirələri açaraq, bütün dinləmənin xarakterini müəyyən etdi. Ardınca çıxış edən Yanis Matiatis, Şerban Sturza, Natali Luazo, Cordan Bardela, Mixael Bloss və Mari Tussan kimi deputatlar isə bu qərəzi davam etdirməkdən utanmadılar. Bu adlar tez-tez ermənipərəst təxribatlarda hallanır və onların Azərbaycanda "insan haqları problemləri" və ya Azərbaycanla Ermənistan arasında sülh təşəbbüsləri barədə danışmağa mənəvi haqqı yoxdur. Avropa İttifaqı təsisatlarının 30 il ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünə və insan haqlarının mütəmadi pozulmasına məhəl qoymadığını nəzərə alsaq, bu məsələ xüsusilə aktuallaşır", - S.Mikayılova vurğulayıb.

S.Mikaylova qeyd edib ki, Natali Luazonun Qarabağda baş verdiyi iddia edilən "etnik təmizləmə" ifadəsi və erməni separatçılarının liderlərinin həbsi barədə danışması COP29-u siyasiləşdirmək məqsədi güdür, və onun bu bəyanatları faktlara və reallığa uyğun deyil.

"Birincisi, Araik Arutyunyan, Ruben Vardanyan və başqaları ölkəmizə qarşı törətdikləri cinayətlərə görə tamamilə ədalətli olaraq və qanuni şəkildə istintaq altında olan cinayətkar və terrorçulardır. İkincisi, Bakının Qarabağdakı erməni azlığa burada qalmağı təklif etməsi hamıya məlumdur. Yeganə şərt Azərbaycan vətəndaşlığını qəbul etmək idi. Amma ermənilər getmək seçimini etdilər. Birinci Qarabağ müharibəsi zamanı erməni silahlılarından qaçan azərbaycanlılardan fərqli olaraq, onlar öz istəyi ilə çıxıblar, heç kim onları məcbur etməyib. Onlar nə hədələnib, nə də kürəyindən güllələnib. Ona görə də “etnik təmizləmə” ilə bağlı ritorika absurddur", - S.Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, ittihamlar əsassızdır və regiondakı real vəziyyəti əks etdirmir.

"Avropa İttifaqı və onun üzvü olan dövlətlərin Azərbaycana hərbi texnika ixracını dondurmaq barədə çağırışları ölkənin müdafiə qabiliyyətini sarsıtmaq məqsədi daşıyır. Avropa Parlamentinin Ermənistana hərbi yardım göstərilməsi və Aİ-nin bu ölkədəki missiyasının mandatının genişləndirilməsi ilə bağlı mövqeyi regionun daha da hərbiləşdirilməsinə və sülh prosesinin çətinləşməsinə gətirib cixara bilər.

Bundan əlavə, “erməni mədəni-tarixi irsinin məhv edilməsi” ittihamları tamamilə əsassızdır. Ermənistan 30 il ərzində azərbaycanlıların mədəni-tarixi irsini total qaydada məhv edərkən Avropa Parlamenti harada idi?! Əksinə, Azərbaycan mədəni müxtəlifliyin və tarixi irsin beynəlxalq standartlara uyğun qorunub-saxlanması üçün hər zaman bütün lazımi tədbirləri görür və bu gün işğalçılar tərəfindən dağıdılanları bərpa edir", - deyə S.Mikayılova bildirib.

Deputat vurğulayıb ki, Avropa Parlamenti Ermənistanın gündəmini tirajlamaq və əsassız ittihamlar yaymaq əvəzinə, diqqətini enerji təhlükəsizliyi, miqrasiya böhranı, iqtisadi inkişaf, iqlim dəyişikliyi ilə mübarizə, islamofobiya, antisemitizm və bəzi Aİ ölkələrində neokolonializmin təzahürü kimi daha ciddi və aktual məsələlərin həllinə yönəltməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti