Bakı. Trend:
Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin dördüncü ildönümü və Bayraq Günü münasibətilə, Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzi prospekti olan Paseo de la Reforma-da, qeyri-hökumət təşkilatları fəallarının iştirakı ilə yürüş keçirilib.
Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, yürüş iştirakçıları uzun məsafə qət edərək, Azərbaycan-Meksika Dostluq Parkına qədər gediblər. Yürüş boyunca, "Zəfər Günün mübarək olsun Azərbaycan" yazılı pankartlar açılıb və təbrik şüarları səsləndirilib.
Yürüşün başa çatdığı Azərbaycan-Meksika Dostluq Parkı önündə keçirilən mərasimdə "Gənc Diplomatlar Assosiasiyasının" rəhbəri Maurisio Tofoya, Azərbaycanın dörd il əvvəl işğaldan azad etdiyi torpaqlarını bərpa edərək ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb. O, Azərbaycanın ədalətin bərpası naminə apardığı mübarizənin haqlı və humanist missiya olduğunu qeyd edərək, hazırda ölkəmizin azad edilmiş ərazilərin yenidən qurulması və bir milyona yaxın soydaşımızın evlərinə qayıdışını təmin etməyə yönəltdiyini bildirib.
Mərasimdə yürüş iştirakçıları Zəfər Günü münasibətilə Azərbaycan xalqına rəsmi təbriklərini çatdırıblar.