Bakı. Trend:
Ermənistanın silahlandırılması məsuliyyəti parametrlər çərçivəsində olmalı, Ermənistana xüsusilə Fransa tərəfindən verilən öldürücü və hücum xarakterli silahlar ciddi narahatlıq doğurmaqdadır.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan tərəfindən silahlanma və militarizasiya proqramı həyata keçirilir və bunun arxasında duran əsas qüvvələrdən də biri Avropa İttifaqı üzv ölkəsi və NATO üzv ölkəsi olan Fransa Respublikasıdır:
"Təəssüf edirik ki, Fransa Respublikası özünün beynəlxalq öhdəliklərinə zidd olaraq NATO üzvü və Avropa İttifaqı üzvü ölkə statusuna zidd olaraq belə bir silahlandırılma proqramında iştirak edir.
Ermənistanın silahladırma proqramı ilə əlaqədar Azərbaycanın xüsusi qeydi ondan ibarətdir ki, Ermənistan işğalçı və təcavüzkar dövlət olub. İşğalçı və təcavüzkar dövlətlərə münasibətdə İkinci Dünya Müharibəsindən sonrakı beynəlxalq münasibətlər sisteminin təcrübəsi də onu göstərir ki, müəyyən bir məhdudiyyətlər olmalıdır. Çünki beynəlxalq münasibətlərin məcəllələşdirilməsi prosesi İkinci Dünya Müharibəsindən sonra başlayıb".
"Bu prosesdən sonra dünyada çox azsaylı ölkələr var ki, işğal və təcavüz törədiblər. Ermənistan da belə bir cinayət törətmiş ölkədir. Bu baxımdan, Ermənistanın silahlandırılması məsuliyyəti parametrlər çərçivəsində olmalı, Ermənistana xüsusilə Fransa tərəfindən verilən öldürücü və hücum xarakterli silahlar ciddi narahatlıq doğurmaqdadır. Təkcə Fransa deyil, başqa dövlətlər tərəfindən də belə silahlandırma proqramları həyata keçirilir", - deyə o vurğulayıb.