Bakı. Trend:
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Bakıda keçiriləcək Asiya Parlamentlərarası Assambleyasının 15-ci plenar iclasında iştirak edəcək.
Trend-in məlumatına görə, bunu İran Parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, 2 günlük plenar iclas digər ölkələrlə yanaşı İran üçün də böyük əhəmiyyət kəsb edir.
Səlimi deyib ki, İran parlament sədrini bu səfərdə parlamentin büdcə, iqtisadiyyat, siyasət, mədəniyyət və sosial məsələlər üzrə komitələrinin sədrləri müşayiət edəcəklər. Parlament sədrinin Azərbaycan və digər ölkələrin nümayəndələri ilə də görüşləri planlaşdırılır.
Qeyd edək ki, 19-20 fevralda Bakıda Asiya Parlament Assambleyasının “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusunda 15-ci Plenar Sessiyası keçiriləcək.