Bakı. Trend:
1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı ölkəmiz silahlı münaqişəyə cəlb edilmiş və bunun da nəticəsində genişmiqyaslı humanitar fəlakətlə üzləşib. Hərbi əməliyyatlar nəticəsində 19 mindən artıq vətəndaşımız öldürülmüş və ya itkin düşmüş, 65 mindən artıq insan müxtəlif bədən xəsarətləri almışdır. 900-dən artıq yaşayış məntəqəsi tamamilə dağıdılmış, ərazilərin infrastrukturuna və ekologiyasına on milyard dollarlarla ölçülən ziyan vurulmuş, 10 min hektarlarla ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib.
Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatında çıxışı zamanı deyib.
O xatırladıb ki, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
“Onlardan 3 977 nəfəri XX əsrin 90-cı illərində yəni, birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüblər.
İtkin düşmüş 3 983 nəfərdən 3 209 nəfəri hərbçi, 774 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 75 nəfəri yetkinlik yaşına çatmamışlar, 116 nəfəri qadın, 315 nəfəri yaşlı insanlardır. İstintaqla sübut edilmişdir ki, 170 azərbaycanlı əsir işgəncələrlə öldürülüb”, - deyə rəis müavini əlavə edib.
Şərafət Həsənov vurğulayıb ki, qısa müddətdə Dövlət Komissiyası tərəfindən bu sahədə müəyyən işlər həyata keçirilsə də, aşağıdakı amillər itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olur:
"30 illik işğal dövründə ərazilər mina və partlamamış sursatlarla həddindən artıq çirkləndirilmişdir. Bunun nəticəsidir ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra hazırki dövrədək həmin ərazilərdə mina partlayışı ilə bağlı 231 insident qeydə alınmış, nəticədə 70 nəfər həlak olmuş, 314 nəfər yaralanmışdır. İşğal dövründə ərazidə həyata keçirilmiş vandalizm nəticəsində infrastrukturun, yaşayış məntəqələrinin, hətta landşaftın və relyefin dağıdılması baş verib. Qəbiristanlıqlar və məzar yerləri, o cümlədən itkinlərə aid məzar yerləri məqsədyönlü şəkildə dağıdılıb. Qeyd etdiyim səbəblərə görə hətta məzar yerləri barədə Dövlət Komissiyasına məlumat verən insanlar belə, ərazilərə aparılarkən onlara məlum olan dəfn yerlərini dəqiq göstərə bilmirlər", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının əraziləri Ermənistan tərəfindən işğal edildiyi və 30 il ərzində bu ölkənin nəzarətində olduğu üçün itkin düşmüş şəxslərin dəfn yerləri barədə əsas məlumatlar məhz onlardadır.
"Bu məlumatların Azərbaycana təqdim edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə, həmçinin beynəlxalq tədbirlərdə birbaşa onlara müraciətlər edilsə də, Ermənistan tərəfi məzar yerləri barədə məlumatları verməkdən müxtəlif bəhanələrlə imtina edir. Halbuki hərbi əməliyyatlara rəhbərlik etmiş erməni səhra komandirlərində həmin məzar yerləri barədə kifayət qədər məlumatlar mövcuddur. Səhra komandirlərinin böyük əksəriyyəti hazırda sağdır və Ermənistanda yaşayırlar”, - deyə Ş.Həsənov fikrini tamamlayıb.