Bakı. Trend:
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Çinə rəsmi dövlət səfəri çox uğurlu oldu. Bu, Azərbaycan-Çin əlaqələrində yeni və mühüm bir mərhələdir.
Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov deyib.
O xatırladıb ki, Ulu öndər Heydər Əliyev Çinlə iqtisadi, siyasi, diplomatik əlaqələrə böyük önəm verib və 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlətlərinin başçılarının zirvə görüşü keçirilib:
“Yəni, bu, doğrudan da, çox tarixi bir məsələdir. Ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə imzalandı və bu gün biz bunu daha da irəli apararaq Azərbaycanla Çin arasında Hərtərəfli strateji əməkdaşlıqla bağlı Birgə Bəyanat imzaladıq. Bu, Azərbaycan-Çin əlaqələrinə çox böyük töhfə verir və bu əlaqələr gələcəkdə Azərbaycanın daha da inkişafına səbəb olacaq”.
E.Həsənov vurğulayıb ki, Azərbaycan Çinin iqtisadi, siyasi inkişafına öz layiqli töhfəsini verib:
“Azərbaycan Prezidenti öz çıxışında bildirdi ki, Çinin bugünkü böyük inkişafında onun liderinin böyük rolu var. Azərbaycan-Çin münasibətlərinin bu cür yüksək səviyyədə olmasına səbəb hər iki dövlət rəhbərinin bir-birinə olan qarşılıqlı hörməti, dostluq münasibətləridir. Bu münasibətlərdən də Azərbaycan və Çin xalqı bəhrələnəcək və bu inkişafdan da biz yararlanacağıq.
Azərbaycan Çinin ərazi bütövlüyünü tanır. Yəni Tayvanı müstəqil dövlətə çevirmək istəyən qüvvələrin əksinə olaraq, Azərbaycan daima Vahid Çini, onun ərazi bütövlüyünü dəstəkləyib. Çünki Azərbaycan uzun illər özü bu məsələdən əziyyət çəkib. Qarabağda aparılan mübarizənin nəticəsində BMT-nin tanıdığı kimi Azərbaycan öz suverenliyini bərpa edib və bu gün Çin də həmin problemlərlə üz-üzədir. Azərbaycan da bu sahədə Çinə dəstəkdir”.
Politoloqun sözlərinə görə, son dövrlər Çinin ticarət əlaqələri Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa istiqamətində daha da artıb:
“Azərbaycan Orta Dəhlizin inkişafına daim dəstək göstərib. Ona görə də Çin bu sahədə də Azərbaycana həmişə minnətdarlığını bildirib və dəstək olub. Eyni zamanda, alternativ enerji istehsalı üzrə Çinlə birgə şirkətlərimiz var və bu sahədə də böyük işlər görülür. Çin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqda daim Azərbaycanı dəstəkləyib və Azərbaycan da Çinə qarşı həmişə öz müsbət fikrini bildirib”.
Politoloq əlavə edib ki, Azərbaycan rəhbərliyinin Çinə bu tarixi səfərinin çox böyük siyasi, iqtisadi, ticari əhəmiyyəti var:
“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına dəvət olunması, Prezident İlham Əliyevin Çin rəhbərini Azərbaycana dəvət etməsi hər iki dövlət rəhbəri və eyni zamanda xalqlarımız arasında dostluğun daha da inkişaf etdiyini göstərir. Çinlə olan ticarət əlaqələrimizin bundan sonra da artacağı gözlənilir. Çinin 300-ə yaxın şirkəti Azərbaycanın müxtəlif sahələrində aktiv fəaliyyət göstərir. O cümlədən, “yaşıl enerji” istehsalı sahəsində də Çin və Azərbaycan şirkətləri birgə tədbirlər həyata keçirir. Bu dostluq və strateji tərəfdaşlıq bundan sonra da daim inkişaf edəcək və ölkələrimiz arasında etimadın daha da artmasına səbəb olacaq”, - deyə o fikrini yekunlaşdırıb.