Bakı. Trend:
Bizim Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar.
Trend xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Pekinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
"Hesab edirəm ki, bizim təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar. Çünki biz Xəzərin qərb sahilində yerləşən ölkəyik. Eyni zamanda, Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır", - Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və sülhün qorunması məqsədi ilə yaradılmış hökumətlərarası təşkilatdır. Hazırda Azərbaycan bu təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da da qeyd edilib ki, Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir. Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir. Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir.