Bakı. Trend:
Hər bir xalqın ən böyük mənəvi keyfiyyətlərindən biri öz dilinə münasibətidir. Dil xalqın milli dünya görüşünün, tarixinin, bu gününün və gələcəyinin etibarlı təməlində dayanan əsas amillərdən biridir. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, «Xalqı xalq edən, milləti millət edən onun ana dilidir».
Trend xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Xanlar Fətiyev bildirib.
Azərbaycan tarixində böyük mütəfəkkirlərimizin, ədiblərimizin ana dilimizə verdikləri dəyərlərlə bağlı müxtəlif nümunələr var. Məhz alimlərimizin, ziyalılarımızın böyük əməyi nəticəsində hələ sovet illərində dilçiliklə bağlı məsələlər, o cümlədən ana dilimizin qramatik qaydaları, orta məktəblərdə Azərbaycan dilinin tədrisi diqqət mərkəzində saxlanılıb.
Sovet hakimiyyəti illərində bu sahədə ən böyük keyfiyyət dəyişiklikləri isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ildə respublikamıza rəhbərlik etməsindən sonra baş verib. Görkəmli dövlət xadimi Heydər Əliyev öz xalqının milli və mənəvi dəyərlərinə son dərəcə bağlı idi. Elə buna görə də Ulu Öndər sovet ideologiyasının hakim olduğu bir şəraitdə xalqımızın irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün əlindən gələni edib. O illərdə bu məsələ olduqca təhlükəli olsa da, Heydər Əliyev Azərbaycan xalqının özünəməxsus dəyərlərini yad təsirlərdən, manqurtlaşmadan xilas etmək üçün böyük qətiyyət nümayiş etdirərək, milli düşüncə sahibi olduqlarına görə təqib edilən ziyalıları cəsarətlə qorumuşdur.
Məhz Heydər Əliyevin sayəsində o illərdə Novruz bayramının da
kütləvi şəkildə qeyd olunması başlanılıb.
Ulu Öndər Heydər Əliyevin sovet illərində milli məfkurənin
inkişafına xidmət edən cəsarətli addımları ana dilimizə olan
münasibətindən də aydın görünür. Xüsusilə qeyd edilməlidir ki,
Heydər Əliyev respublikamıza rəhbərliyə başladıqdan sonra yüksək
səviyyəli yığıncaqlarda, o cümlədən Bakı Dövlət Universitetinin 50
illiyinə həsr olunan toplantıda və müşavirələrdə məhz Azərbaycan
dilində çıxışlar etmişdir.
Ötən əsrin 70-ci illərində SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənmişdi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Çünki sovet rəhbərliyi xalqların öz dillərinə xüsusi maraq göstərmələrinə isti yanaşmırdı. Ona görə milli respublikaların rəhbərlikləri ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Belə bir şəraitdə Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək, Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması üçün mövqe ortaya qoymuşdur. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunan VII sessiyasında çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddənin «Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir» redaksiyasında verilməsi təklif olunub.
Beləliklə, 1978-ci ilin aprel ayında qəbul olunan Azərbaycanın yeni Konstitusiyasında Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Bu mənada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Heydər Əliyev bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Məlum olduğu kimi 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası hazırlanan vaxt da dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini belə bildirib:
“Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”.
Müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində respublikamızın dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilib.
Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranan vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb.
Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı da ana dilimizə olan böyük məhəbbətin göstəricisidir. Bu fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.
2002-ci ildə isə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Ana dili ilə bağlı hər bir məsələ bu gün də diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyev ana dilimizin inkişafını, qorunmasını daim diqqət mərkəzində saxlayır. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan milli ensiklopediyasının nəşri bunun bariz nümunələridir. 2013-cü ildə isə cənab Prezident İlham Əliyev «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nı təsdiq edib. Proqramın məqsədi qloballaşma şəraitində Azərbaycan dilinin imkanlarından dövrün tələblərinə uyğun istifadəni və ölkədə dilçiliyin inkişafını təmin etməkdir.
Azərbaycan dili xalqımızın ən böyük dəyərlərindən və azərbaycançılığın əsas rəmzlərindən biridir. Ana dili xalqımızın milli və mənəvi sərvətidir. Bu sərvəti qorumaq hər birimizin borcudur.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı