...

Laçın hava limanının açılışı Azərbaycanın qələbəsini təsdiqləyən mərhələdir - ŞƏRH

Siyasət Materials 28 May 2025 16:16 (UTC +04:00)
Laçın hava limanının açılışı Azərbaycanın qələbəsini təsdiqləyən mərhələdir  - ŞƏRH
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Laçın Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimi keçirilib. Təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif iştirak edib.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov bildirib ki, Laçın Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın Qarabağ bölgəsindəki bərpa və inkişaf strategiyasının mühüm simvolu kimi qiymətləndirilə bilər:

“Bu hadisə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə sürətli infrastruktur layihələrini həyata keçirmə qabiliyyətini nümayiş etdirir. Laçın geosiyasi və strateji baxımdan həmişə əhəmiyyətli olmuşdur, çünki bu rayon Qarabağı Ermənistanla birləşdirən əsas yol üzərində yerləşir və Zəngəzur dəhlizinin potensial açılması üçün mühüm qovşaqdır. Tarixən Laçın Azərbaycanın mədəni və iqtisadi həyatında xüsusi yer tutmuş, lakin 1992-ci ildə işğal olunması ilə bölgənin inkişafı dayandırılmışdı. 2020-ci ilin noyabrında Laçının azad edilməsi və 2022-ci ildə nəzarətin tam bərpası Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdəki qətiyyətini göstərdi. Hava limanının istifadəyə verilməsi ilə Laçın iqtisadi cəhətdən canlanır, turizm potensialı artır və regionun qlobal nəqliyyat şəbəkəsinə inteqrasiyası sürətlənir”.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin açılış mərasimində iştirakı Azərbaycanın regional lider kimi mövqeyini gücləndirən diplomatik uğurun göstəricisidir:

“Bu səfər “bir millət, iki dövlət” prinsipi ilə Türkiyə ilə sıx qardaşlıq əlaqələrini, eyni zamanda Pakistanla strateji tərəfdaşlığı vurğulayır. Azərbaycanın uğur modeli, iqtisadi inkişaf, hərbi qüdrət və diplomatik bacarıqların sintezindən ibarətdir ki, bu da Laçın kimi strateji bölgələrdə özünü aydın şəkildə büruzə verir. Türkiyə və Pakistanın dəstəyi Azərbaycanın Qarabağda həyata keçirdiyi layihələrin beynəlxalq səviyyədə tanınmasını təmin edir. Hava limanı regionun iqtisadi dirçəlişinə təkan verəcək, yerli əhalinin doğma yurdlarına qayıdışını asanlaşdıracaq və turizmin inkişafına xidmət edəcək. Laçının bərpası Azərbaycanın yalnız öz ərazisində deyil, regionda sülh və sabitlik üçün lider rolunu oynadığını göstərir. Bu kontekstdə, qardaş ölkə rəhbərlərinin səfəri Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun və etibarlı tərəfdaş kimi imicinin daha da möhkəmlənməsinə xidmət edir”.

T.İsmayılov sonda qeyd edib ki, Laçın hava limanı həm də Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Mərkəzi Asiya arasında yeni nəqliyyat qovşağı kimi əhəmiyyət qazanacaq:

“Azərbaycanın bu layihəsi regionun geosiyasi xəritəsini dəyişdirərək iqtisadi əməkdaşlığı dərinləşdirəcək. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən bu strategiya Azərbaycanı Cənubi Qafqazın iqtisadi və siyasi mərkəzinə çevirir. Türkiyə və Pakistan rəhbərlərinin iştirakı, bu uğurun regional və qlobal miqyasda dəstəkləndiyini təsdiqləyir. Laçın Azərbaycanın müstəqillik və quruculuq ruhunun təcəssümü kimi bu gün regionun yenidən dirçəliş mərkəzinə çevrilir. Bu hadisə Azərbaycanın tarixi ədaləti bərpa etmək və gələcəyə inamla addımlamaq bacarığını dünyaya nümayiş etdirir. Nəticədə, Laçın hava limanının açılışı Azərbaycanın qələbəsini və regional liderliyini təsdiqləyən mühüm bir mərhələdir”.

Politoloq Turan Rzayev isə Trend-ə bildirib ki, Laçın Beynəlxalq Hava Limanının açılışı təkcə infrastruktur hadisəsi deyil:

“Bu, eyni zamanda regionun yenidən qurulan geosiyasi arxitekturasında strateji mesaj daşıyan simvolik mərhələdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin bu açılışda iştirakı isə bu hadisənin lokal deyil, transregional mahiyyət daşıdığını təsdiqləyir.

Bu hadisə Cənubi Qafqazda postmünaqişə dövrünün əsas oyunçularını və gələcək güc mərkəzlərini aydın göstərir. Azərbaycan regionda sülhü bərpa edən öz ərazi bütövlüyünü bərpa edən aparıcı gücdür. Türkiyə bu prosesi hərbi, diplomatik və siyasi müstəvidə dəstəkləyən strateji müttəfiqdir. Pakistan isə təkcə ideoloji yaxınlıq baxımından deyil, həm də gələcəkdə bölgədə Çindən Cənubi Qafqaza uzanan ticarət koridorlarının mümkün dayağı kimi burada yer alır”.

O qeyd edib ki, Laçın Hava Limanı Zəngəzur dəhlizi və Bakı-Tbilisi-Qars xətti ilə birlikdə Azərbaycanın "geoiqtisadi körpü" strategiyasını tamamlayır:

“Bu hava limanı bir tərəfdən Şərqi Zəngəzuru Naxçıvan və Zəngilanla birləşdirir, digər tərəfdən isə xarici güclərə Azərbaycanın ərazi suverenliyi üzərində heç bir şübhəyə yer qoymadığını nümayiş etdirir.

Ərdoğan və Şərifin Laçında aeroportun açılışında iştirakı yalnız Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinin təsdiqi deyil bu, həm də geosiyasi mesajdır. Qafqaz artıq təkcə Rusiya və Qərbin deyil, eyni zamanda müsəlman dünyasının da maraq dairəsindədir”.

Politoloq sonda vurğulayıb ki, Türkiyə bu bölgədə həm NATO üzvü, həm də müsəlman Türk dövləti olaraq unikal mövqe tutur:

“Pakistan isə Çin və Orta Asiya ilə əlaqələri nəzərə alındıqda, Azərbaycanın gələcək "Cənub–Cənub" əməkdaşlığı kontekstində mühüm strateji müttəfiqinə çevrilə bilər.

Bu mənzərə, Azərbaycanın artıq yalnız "kiçik regional oyunçu" deyil, "geostrateji nizamlayıcı" mövqeyinə keçdiyini göstərir. Laçın limanı isə bu nizamlayıcılığın logistik əsasıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti