Bakı. Trend:
ATƏT-in Minsk Qrupu rəsmən fəaliyyətini dayandırması cAzərbaycanın növbəti haqlı tələbi idi.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkili xatırladıb ki, ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı, vasitəçilik mandatı alan həmsədrlər isə bu illər ərzində problemin həlli istiqamətində addım atmadı:
“Əksinə, işğalçı ilə işğala məruz qalan tərəflər arasında fərq qoymadı, rəsmi Bakıya təslimçi sülhlə bağlı təzyiqlər etməkdən də çəkinmədilər, “status-kvo”nun saxlanmasına çalışdılar. Bu isə Ermənistanı işğal siyasətini davam etdirməyə cəsarətləndirdi. 2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ATƏT-in Minsk Qrupunun fəaliyyətsiz qurum kimi tarixə qovuşmasını şərtləndirdi. Ermənistan müxtəlif bəhanələrlə Qrupun fəaliyyətinin davam etdirilməsinə çalışırdı”.
Deputatın sözlərinə görə, zamanla Ermənistan da qəbul etdi ki, Minsk Qrupunun ləğvi qaçılmazdır və Azərbaycanın bu şərti yerinə yetirilməlidir:
“Vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT-in iştirakçı dövlətləri tərəfindən də qəbul edildi və həmin institutların bağlanması rəsmiləşdirildi. Beləliklə, bütün inzibati prosedurların başa çatması Minsk prosesinin qəti bağlanması və Qarabağ münaqişəsinin də tamamlanmış hesab edilməsi deməkdir”.
Milli Məclisin deputatı Sevinc Fətullayeva isə Trend-ə açıqlamasında deyib ki, ATƏT-in Minsk Qrupunun ləğv olunması Azərbaycan dövlətinin çox mühüm diplomatik qələbəsidir.
Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmi şəkildə dayandırılması 2025-ci ilin ən mühüm siyasi-diplomatik hadisələrindən biri kimi qiymətləndirilməlidir:
“Bu qərar Cənubi Qafqaz üçün təkcə bir institutun bağlanması deyil, həm də regionda onilliklər boyu mövcud olmuş vasitəçilik mərhələsinin başa çatması deməkdir. Azərbaycan üçün isə Minsk Qrupunun ləğvi, ölkənin ərazi bütövlüyünün bərpasından sonra formalaşan yeni geosiyasi reallığın beynəlxalq səviyyədə tanınması baxımından əlamətdar hadisədir.
1992-ci ildə yaradılan Minsk qrupu, Ermənistan-Azərbaycan münaqişəsinin siyasi həlli üçün beynəlxalq platforma rolunu oynayırdı. Lakin illər keçdikcə bu mexanizmin təsir imkanları əhəmiyyətli dərəcədə zəiflədi. ABŞ, Fransa və Rusiyanın həmsədrliyi altında fəaliyyət göstərən format zamanla vahid mövqe nümayiş etdirmək qabiliyyətini itirdi. Xüsusilə 2022-ci ildən sonra böyük dövlətlər arasındakı kəskin siyasi ziddiyyətlər qrupun işini faktiki olaraq dondurdu”,-deyən deputat əlavə edib ki, çoxsaylı görüşlərə, sənədlərə və təşəbbüslərə baxmayaraq, Minsk qrupu münaqişənin real həllinə yaxınlaşa bilmədi. Ekspert dairələrində dəfələrlə vurğulandığı kimi, proses illər keçdikcə münaqişəni həll etməkdən daha çox onu donduran bir format halına çevrilmişdi”.
Sevinc Fətəliyevanın fikrincə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və sonrakı siyasi proseslər regiondakı vəziyyəti köklü şəkildə dəyişdi:
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və uzun illər danışıqların mərkəzində dayanan “status” məsələsi tamamilə gündəmdən çıxdı. Yeni regional reallıq 1990-cı illərin başlanğıcında formalaşdırılmış vasitəçilik mexanizmlərinin davam etdirilməsini həm mənasız, həm də yersiz etdi. Bu səbəbdən Azərbaycan 2021–2023-cü illərdən etibarən Minsk qrupunun missiyasının artıq bitdiyini açıq şəkildə bəyan edirdi. Regiondakı digər aktorlar da anlayırdı ki, müasir çağırışlara uyğun yeni diplomatik yanaşmalar tələb olunur.
Bu ilin avqustunda Azərbaycan və Ermənistanın Minsk qrupunun və ona bağlı strukturların rəsmi şəkildə bağlanması ilə bağlı razılaşması yeni mərhələyə keçid baxımından ciddi siyasi iradənin göstəricisi idi. Dekabrın əvvəlinə qədər ATƏT Katibliyi bütün texniki və inzibati prosedurları tamamladı və beləliklə, uzunmüddətli vasitəçilik mərhələsinə rəsmi nöqtə qoyuldu”.
