Bakı. Trend:
“Deepfake” və süni intellekt əsaslı dezinformasiya artıq ənənəvi kiberhücumlarla yanaşı, hibrid təhdid arsenalının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Onlardan həm ictimai etimadı sarsıtmaq, həm dövlət institutlarının nüfuzuna xələl gətirmək, həm də fərdləri, xüsusilə uşaqları aldatmaq və manipulyasiya etmək üçün istifadə oluna bilər.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov parlamentdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, ölkədə artıq Milli Superkompüter Mərkəzi qurulub və bu, mürəkkəb süni intellekt modellərinin xarici bulud xidmətlərindən asılı olmadan ölkə daxilində təhlükəsiz şəkildə öyrədilməsi və idarə edilməsinə imkan verir.
Onun sözlərinə görə, bu, həm milli təhlükəsizlik, həm də rəqəmsal suverenlik baxımından strateji addımdır və dövlətə məxsus həssas məlumatlar artıq ölkə sərhədlərini tərk etmədən emal oluna bilir.
Ramid Namazov qeyd edib ki, süni intellektin inkişafı rəqəmsal müstəqillik, informasiya təhlükəsizliyi və milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşımaqla yanaşı, dövlət idarəetməsində səmərəliliyin artırılması, qərarvermə proseslərinin optimallaşdırılması və iqtisadiyyatın şaxələndirilməsi üçün geniş imkanlar yaradır.
Komissiya sədri vurğulayıb ki, süni intellekt vasitəsilə yaradılan təhdidlərin fonunda təkcə kiber müdafiə deyil, həm də kiberinsidentlərdən sonra sürətli bərpanı nəzərdə tutan rəqəmsal dayanıqlılıq konsepsiyası ön plana çıxır. O bildirib ki, ölkənin artan rəqəmsal asılılığı və mürəkkəb geosiyasi mövqeyi kibertəhlükəsizlik strategiyasının fundamental şəkildə gücləndirilməsini, ixtisaslı kadr hazırlığını və milli səviyyədə risk idarəetmə mexanizmlərinin tətbiqini tələb edir.
Ramid Namazov diqqətə çatdırıb ki, süni intellektin yaratdığı ən yeni və mürəkkəb təhdid növlərindən biri "deepfake" adlandırılan dərin saxta məzmun və sintetik mediadır. Onun sözlərinə görə, süni intellekt həlləri artıq elə realist və tam funksional saxta audio və video materialları yarada bilir ki, onların yayılma sürəti bəzən dövlət qurumlarının və ya fakt yoxlama mexanizmlərinin reaksiya vermə qabiliyyətini üstələyir.
O bildirib ki, bu, sadəcə texnoloji fenomen deyil, müasir hibrid təhdidlərin ən çevik və ən çətin izlənilən alətlərindən birinə çevrilib. Ramid Namazov hesab edir ki, deepfake və süni intellekt əsaslı dezinformasiya ənənəvi kiberhücumlarla yanaşı qiymətləndirilməli, bu vasitələrdən ictimai etimadı sarsıtmaq, dövlət institutlarının nüfuzuna zərbə vurmaq, eləcə də fərdləri və uşaqları aldatmaq, manipulyasiya etmək üçün istifadə olunduğu nəzərə alınmalıdır.
Onun sözlərinə görə, dezinformasiya və süni intellektə bağlı risklər ayrıca təhdid kateqoriyası kimi də qiymətləndirilə bilər. Ramid Namazov qeyd edib ki, 2026–2028-ci illər Fəaliyyət Planı çərçivəsində nəzərdə tutulan qadağan olunmuş məzmunun süni intellekt vasitəsilə avtomatik aşkarlanması sistemləri məhz bu yeni nəsil təhdidlərə cavab vermək məqsədi daşıyır.
Komissiya sədri bildirib ki, növbəti mühüm addım 2028-ci ilin sonunadək Azərbaycan dili üzrə böyük dil modellərinin yaradılmasıdır. Onun sözlərinə görə, dünyada mövcud böyük dil modellərinin əksəriyyəti ingilis və bir neçə dominant dil üzərində öyrədildiyi üçün Azərbaycan dilində keyfiyyətli süni intellekt xidmətləri məhduddur. O vurğulayıb ki, Azərbaycan dilində güclü modellərin yaradılması mədəni və linqvistik suverenliyi daha da gücləndirəcək.
Ramid Namazov qeyd edib ki, Süni İntellekt Strategiyası dörd əsas istiqaməti əhatə edir. Bunlar süni intellektin idarə edilməsinin təkmilləşdirilməsi, məlumatların idarə olunması və hesablama infrastrukturunun inkişafı, kadr potensialının gücləndirilməsi, eləcə də ictimai maarifləndirmədir.
Onun sözlərinə görə, strategiyada cəmiyyətin süni intellektin yalnız imkanları deyil, həm də riskləri barədə məlumatlandırılması və etik prinsiplərin qorunması dövlətin prioritet vəzifələrindən biri kimi müəyyən edilib. Bu çərçivədə yaradılan Süni İntellekt Akademiyası beynəlxalq standartlara uyğun proqramlar vasitəsilə 500 mühəndisin hazırlanmasını və 3 min nəfərlik süni intellekt icmasının formalaşdırılmasını hədəfləyir.
Ramid Namazov əlavə edib ki, Azərbaycanın süni intellekt strategiyası xüsusi sahələrdə texnoloji suverenliyi təmin etməklə yanaşı, digər istiqamətlərdə beynəlxalq tərəfdaşlıqdan faydalanan balanslaşdırılmış inkişaf modelinə əsaslanır.
