...

"AZƏRBAYCANÇI QÜVVƏLƏR", "DEMOKRATİK AZƏRBAYCAN" VƏ "AZƏRBAYCAN NAMİNƏ" SEÇKİ BLOKLARI QEYDƏ ALINIB

Siyasət Materials 25 İyul 2005 15:28 (UTC +04:00)

İyulun 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Trend in məlumatına görə, iclasda bir neçə seçki blokları qeydə alınıb, bəzi Təlimatlar təsdiqlənib. MSK katibi Natiq Məmmədov noyabrın 6-da keçiriləcək parlament seçkisi ilə əlaqədar "Azərbaycançı Qüvvələr" siyasi partiyalar blokunun qeydə alınması məsələsinə dair məlumat verib.

MSK "Azərbaycançı Qüvvələr" siyasi partiyalar blokunun qeydə alınması haqqında qərar çıxarıb. Lakin həmin siyasi partiyalar blokunun emblemi Seçki Məcəlləsinin 51.3-cü maddəsinin tələblərinə cavab vermədiyinə görə təsdiq edilməyib. Bloka emblemi Seçki Məcəlləsinin tələblərinə uyğunlaşdıraraq yenidən MSK-ya təqdim etmək tövsiyyə olunub.

İclasda "Demokratik Azərbaycan", "Azərbaycan Naminə" Siyasi Partiyalar blokunun MSK-da qeydə alınması haqqında da qərarlar çıxarılıb.

MSK-nın digər katibi Iidadi Mahmudov isə "Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin də Milli Məclisə seçkilərdə iştiraklarına dair Təlimat"ın layihəsi barədə məlumat verib. MSK bu Təlimatın təsdiq olunması haqqında qərar qəbul edib.

Komissiya "Müşahidə aparmaq üçün qanuna müvafiq olaraq MSK-ya müraciət etmiş şəxslərin müşahidəçi kimi qeydə alınması məsələsinə də baxıb və qərara alıb ki, Seçki Məcəlləsinin 40-cı maddəsinə əsasən seçkilərdə müşahidə aparmaq üçün qanuna müvafiq olaraq MSK-ya müraciət etmiş şəxslər müşahidəçi kimi qeydə alınsınlar. Sonra MSK bəzi seçki dairələri üzrə seçki komissiyalarının tərkibinin dəyişdrilməsi haqqında qərarlar qəbul edib.

Xəbər lenti

Xəbər lenti