Sentyabrın 5-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Bakıda və bir sıra xarici ölkələrdə hərbi seminarlara, o cümlədən həmin ölkələrlə qarşılıqlı hərbi proqramlar çərçivəsində başqa tədbirlərə start verilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda birldirilir ki, ilk tədbirlər Bakı şəhərində başlanıb. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən bu tədbir "Müəllimlər üçün hərbi ingilis dili üzrə təkmilləşdirmə təlim seminarı" adlanır. Tədbir sentyabrın 9-dək davam edəcək.
Startı verilən "Hərbi ingilis dili" kursu isə Budapeşt şəhərində keçirilir və dekabrın 12-dək davam edəcək.
Daha bir tədbirsə Azərbaycanla Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində başlanıb. Belə ki, Bakı şəhərində Türkiyə Hərbi Dəniz Qüvvələri nümayəndə heyətinin tanışlıq səfəri başlanır və bu səfər sentyabrın 7-dək davam edəcək.
O cümlədən Türkiyənin Altınova və Yalova şəhərlərində "Dənizdə fövqəladə hallar" üzrə kurslar başlanıb və tədbir sentyabrın 16-da yekunlaşacaq.
Sentyabrın 14-dək isə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq London və York şəhərlərində ingilis dili kursları keçirilir.
Sentyabrın 6-dan 13-dək Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış hərbi əməkdaşlıq planına uyğun olaraq Tulsa şəhərində "ABŞ-ın briqada səviyyəsində komanda-qərargah əməliyyatları ilə tanışlıq", 9-dək isə Vaşinqton şəhərində "Lisenziyalaşdırma üsulları və təcrübələri" üzrə 1-ci texniki seminar keçirilir.