...

Norveç hökuməti parlament seçkilərinin beynəlxalq standartlara uyğun olmadığını bəyan edir

Siyasət Materials 8 Noyabr 2005 14:40 (UTC +04:00)
Norveç hökuməti parlament seçkilərinin beynəlxalq standartlara uyğun olmadığını bəyan edir

Norveç hökuməti Azərbaycanda 6 noyabr parlament seçkilərinin beynəlxalq standartlara uğun olmamasına dərindən təəssüfləndiyini bildirir. Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 8-də keçirilmiş mətbuat konfransında Norveçin Azərbaycandakı səfiri Steynar Gil ölkədə keçirilmiş seçkilərə öz hökumətinin rəsmi mövqeyini şərh edərkən bəyan edib.

Norveç hökuməti Azərbaycanı seçkilərin keçirilməsi zamanı saxtakarlığa yol vermiş şəxsləri cəzalandırmağa çağırır. Diplomat seçkilərin ATƏT, AŞ və digər beynəlxalq qurumların bir sıra tələbləri və tövsiyyələrinə uyğun olmadığını bəyan edərək ATƏT-in rəsmi mövqeyini təsdiq edib. Onun sözlərinə görə, indiki seçkilər zamanı MSK-ya və xarici ölkələrin səfirliklərinə "çoxlu sayda şikayət" daxil olub ki, onlara baxılmalı və "müvafiq qərar" qəbul edilməlidir. "Biz inanmaq istəyirik ki, bu şikayətlərə lazımi qaydada baxılacaq və tədbirlər görüləcək. Bunu Seçki Məcəlləsinin müvafiq maddəsi də tələb edir", - deyə o vurğulayıb.

"Seçkilər üzərində iş hələ başa çatmayıb və qəti qərar qəbul olunmayıb", - deyə səfir bildirib. Onun fikrincə, Azərbaycan hökuməti tərəfindən seçki komissiyalarının tərkibi haqqında beynəlxalq təşkilatların tövsiyyələrinin qəbul olunmaması seçkilərin qeyri-demokratik keçirilməsinə təsir edib.

Ölkə müxalifəti və iqtidarı arasında qarşıdurmanın yaranmasının mümkünlüyünü şərh edən S.Gil bildirib ki, heç bir tərəfdə nə toqquşma, nə də zorakılıq olmalıdır.

Xəbər lenti

Xəbər lenti