Ermənistan tərəfi Dağlıq Qarabağ problemi üzrə öz prinsipial mövqeyini bildirməli və münaqişənin həlli üçün konstruktiv danışıqlar aparmaq istədiyini izah etməlidir. Bu barədə Trend ə eksklyuziv olaraq Azərbaycan Prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan və Azərbaycan prezidentlərinin fevralın 10-da Parisdə keçirilməsi planlaşqdırılan danışıqların növbəti mərhələsini şərh edərkən bildirib.
N.Məmmədov bəyan edib ki, bu görüşdə Ermənistan tərəfi konstruktiv danışıqlar əsasında problemin həll edilməsini istədiyini yaxud "yenə də bir görüşdən digər görüşədək vaxtı uzadaraq bu minvalla hakimiyyətdə qalmasını təmin edən manevrlərlə məşğul olacağını" izah etməlidir.Onun sözlərinə görə, indiyədək istər iki ölkənin xarici işlər nazirlikləri arasında, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə münaqişənin sülh yolu ilə nizama salınmasının bəzi texniki məsələləri üzrə danışıqlar aparılıb. "Amma əsas prinsipial məsələlərin həllidir" -deyə N.Məmmədov deyib və əlavə edib ki, bununla əlaqədar Azərbaycanın mövqeyi tamamilə aydındır. "Azərbaycanın işğal olunmuş əraziləri azad edilməli, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Bundan sonra Dağlıq Qarabağın hüquqi statusu müəyyən ediləcək"-deyə o qeyd edib.
N.Məmmədov Ermənistan prezidenti R.Köçəryanın Stokholmda etdiyi "Dağlıq Qarabağ probleminin həlli üçün tərəflər siyasi iradə göstərməli və müəyyən siyasi risqə getməlidir. 2-3 gün ərzində Bakıdan səsləndirilən bəyanatlar məndə belə bir qənaət yaradır ki, Azərbaycanda belə bir siyasi iradə yoxdur, ya da kifayət qədər deyil" kimi son bəyanatına öz münasibətini bildirib.N.Məmmədovun sözlərinə görə, belə sözləri "diplomatik manevrlər və reveranslardan başqa bir şey adlandırmaq olmaz". "Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi həmişə dəyişməz, birmənalı və qəti olub". Eyni zamanda onun sözlərinə görə, siyasi iradə münaqişənin danışıqlar yolu ilə nizama salınmasına nail olması üçün Ermənistan tərəfində olmalıdır". O, qeyd edib ki, son 2-3 ay ərzində Ermənistan tərəfi "həftənin əvvəlində bir bəyanatla, sonunda isə tamamilə buna zidd bəyanatla çıxış edə bilməsi ilə" fərqlənib.