...

ABŞ dövlət katibi Azərbaycan prezidentinə zəng edib

Siyasət Materials 9 Fevral 2006 17:56 (UTC +04:00)

ABŞ Dövlət katibi Kondoliza Rays fevralın 9-da Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Trend bildirir ki, bu barədə Azərbaycan prezidenti mətbuat xidmətinin məlumatında deyilir.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın müxtəlif tərəfləri müzakirə edilib. ABŞ Dövlət katibi Kosovo, Əfqanıstan və İraqda Azərbaycanın sülhməramlı qüvvələrinin iştirakını yüksək qiymətləndirib, eləcə də Gürcüstanda enerji böhranı zamanı Bakının Tiflisə dəstəyini xüsusilə vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin Fransada planlaşdırılan görüşü ilə bağlı fikir mübadiləsi aparıb.

Azərbaycan dövlətinin başçısı ABŞ-ın münaqişənin həlli prosesində fəal iştirakına görə təşəkkürünü bildirib və Amerika hökumətinin bu prosesdə rolunu xüsusilə qiymətləndirib.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti