...

Təkrar seçkidə iştirak edən namizədlərin sayı 110 nəfərə çatıb

Siyasət Materials 14 Fevral 2006 18:41 (UTC +04:00)

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkisində iştirak edən namizədlərin sayı 110 nəfərə çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Namizədliyinin irəli sürülməsi təsdiqlənən 110 nəfərdən 106-sı imza vərəqələrini götürüb. Onlardan dörd nəfəri imzatoplama kampaniyasını başa çatdıraraq imza vərəqələrini artıq dairə seçki komissiyalarına təhvil verib. Namizədlərdən hələlik qeydə alınan yoxdur. Ən çox namizədin irəli sürüldüyü seçki dairəsi 9 saylı Binəqədi ikinci seçki dairəsidir - 27 nəfər. 31 saylı Suraxanı ikinci seçki dairəsindən 21 nəfər, 38 saylı Gəncə-Nizami ikinci seçki dairəsindən 7, 42 saylı Sumqayıt ikinci seçki daiərsindən 14, 44 saylı Sumqayıt-Abşeron dairəsindən 8, 69 saylı Cəlilabad- Masallı-Biləsuvar dairəsindən 6, 103 saylı Gədəbəy dairəsindən 3, 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsindən 7, 110 saylı Zaqatala dairəsindən 8, 119 saylı Ağdam kənd seçki dairəsindən 9 nəfər namizədliyini irəli sürüb.

Siyasi yönümünə görə namizədlərin əksəriyyəti bitərəf şəxslərdir. Siyasi mənsubiyyətini göstərənlər isə Yeni Azərbaycan, Müsavat, Ədalət, Kommunist, Böyük Azərbaycan, Respublikaçılar, Vətəndaş Birliyi, Ümid partiyalarının üzvləridir.

Xəbər lenti

Xəbər lenti