Fevralın 15-də Bakıda ABŞ inkişaf agentliyinin (USAID) "Azərbaycanda ilkin səhiyyənin gücləndirilməsi" layihəsinin gerçəkləşdirilməsinə başlanılması münasibətilə mərasim keçirilib. Trend bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Azərbaycanda ilkin səhiyyənin gücləndirilməsinə yönəldilmiş layihə iki il üçün nəzərdə tutulub və bu çərçivədə USAID AR Səhiyyə nazirliyinə texniki və maliyyə yardımı göstərəcək. Layihə çərçivəsində respublikanın regionlarında İTY məntəqələri yenidən qurulacaq və göstərilən tibbi xidmətlərin keyfiyyəti yaxşılaşdırılcaq.
Layihə hal-hazırda Mlkin Səhiyyə və Ailə Təbabəti Üzrə Milli Əlaqələndirici və həmçinin, Ailə Təbabəti və Həkimlərin Təkmilləşdirilməsi İnstitutu tərəfindən işlənib hazırlanmaqdadır və artıq ilkin səhiyyə və səhiyyənin maliyyələşdirilməsi üzrə mütəxəssis qrupları təşkil olunub.
Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin bu layihəsi Beynəlxalq Tibb Korpusu, Abt Assosiasiyası, Curatio İnterneşnl və Con Hopkins Universitetinin Kommunikasiya Mərkəzi də daxil olmaqla, Amerika müəssisələri tərəfindən idarə olunacaq.
Öncə bildirilmişdi ki, bu layihə çərçivəsində ümumi məbləği 12.5 mln dollar həcmində işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Mərasimdə AR səhiyyə naziri Oqtay Şirəliyev və ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş iştirak edib.