...

Ötən il ərzində Azərbaycanın Ədliyyə Nazirliyi tərəfindən 1900 qanun, fərman, sərəncam və digər sənədlərin layihələrinə rəy verilib

Siyasət Materials 23 Fevral 2006 14:40 (UTC +04:00)

Ötən il ərzində Azərbaycanın Ədliyyə Nazirliyi (ƏN) tərəfindən 1900 qanun, fərman, sərəncam və digər sənədlərin layihələrinə rəy verilib. Trend xəbər verir ki, bu barədə fevralın 23-də ƏN-in şöbə rəislərinin ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Nazirliyin Təşkilat-Analitik İdarəsinin rəisi Azər Cəfərov məlumat verib.

A.Cəfərov bildirib ki, 2005-ci ildə Nazirlik tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və digər sahələr üzrə məqsədyönlü tədbirlər həyata keçirilib. "Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri normativ hüquqi aktların layihələrinin hüquqi eksperizasının təmin edilməsidir. Nazirlik tərəfindən 2004-cü illə müqayisədə təxminən 30 faiz çox - yəni 165 normativ-hüquqi aktın layihəsi hazırlanıb. O cümlədən, əvvəlki ilə nisbətən 1,7 dəfə çox - yəni 123 sənəd dövlət qeydiyyatına alınıb" - deyə A.Cəfərov söyləyib.

İdarə rəisi qeyd edib ki, əlahilə, xüsusilə də aztəminatlı vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi məqsədilə ƏN tərəfindən Bərdə, Füzuli, İmişli, Qusar, Qax, Lerik, Xanlar rayonlarında, Naftalan şəhərində və Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq regional hüquqi məsləhət xidmətləri mərkəzləri yaradılıb. "Eyni zamanda, Nazirlik tərəfindən milli qanunvericiliyin elektron məlumat bazasının ilkin variantı hazırlanıb və artıq internetdə yerləşdirilərək əhalinin istifadəsinə verilib" - deyə A.Cəfərov bildirib.

A.Cəfərovun sözlərinə görə, hesabat dövründə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin yaxşılaşdırılması məqsədilə Nazirliyin internet saytı interaktiv rejimə keçirilib. Vətəndaşların elektron müraciətlərinin, habelə yeni açılmış "qaynar" telefon xətləri vasitəsi ilə daxil olan müraciətlərə operativ baxılması təmin edilib. Ümumiyyətlə, 2005-ci il ərzində Ədliyyə Nazirliyində 17.000-dən və ya 2004-cü illə müqayisədə təxminən 20 faiz çox müraciətə baxılıb. 4.000-dən artıq, o cümlədən Nazirliyin rəhbərliyi tərəfindən 1.000-ə yaxın vətəndaş qəbul edilib və onların problemlərinin həlli üzrə konkret tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti