Milli Məclisin 2006-cı il yaz sessiyası martın 1-də Xocalı soyqırımında və Moskvanın "Basman" bazarında həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. Trend xəbər verir ki, parlamentin yaz sessiyasının müzakirəsinə 10-dan çox qanun layihəsi təqdim edilib.
Spiker Oqtay Əsədov parlamentin 2005-ci il payız sessiyasının yekunları və 2006-cı il yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələri barədə qısa məlumat verib.
Sonra parlamentin yaz sessiyasının ilk günündə "Milli Məclisin İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin Hesablayıcı Komissiyasının yenidən təşkil edilməsi haqqında", "Milli Məclisin daimi komissiyasının tərkibində dəyişiklik haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr işçi qrupunun tərkibində dəyişiklik edilməsi haqqında" və "2006-cı ilin yaz sessiyasının qanunvericilik işləri planının təsdiqi" ilə bağlı layihələr müzakirə edilərək qəbul olunub.
Millət vəkillərindən Cəlal Əliyev "Təhsil haqqında" qanuna, Pənah Hüseyn, Nəsib Nəsibli, Sabir Rüstəmxanlı, Səyavuş Novruzov isə digər qanunvericilik aktlarına bir sıra əlavə və dəyişikliklərin edilməsi təklifləri ilə çıxış ediblər.