...

Danial Axmetov: Qazaxıstan Azərbaycana Qafqaz regionunda əsas dövlət kimi baxır

Siyasət Materials 8 May 2006 16:56 (UTC +04:00)
Danial Axmetov: Qazaxıstan Azərbaycana Qafqaz regionunda əsas dövlət kimi baxır

Trend in Qazaxıstan Respublikasının baş naziri ilə eksklüziv müsahibəsi

- Sizin fikrinizcə, Azərbaycan-Qazaxıstan əməkdaşlığının perspektivləri necədir? Sizcə, o hansı sahələrdə daha çox perspektivlidir?

- Qazaxıstan əvvəlki kimi Azərbaycana Qafqaz regionunda əsas dövlət kimi, eləcə də, neft-qaz, nəqliyyat və kommunikasiya layihələrinin reallaşmasında perspektivli tərəfdaş kimi baxır. Bizim üçün Xəzər dənizində təkcə təhlükəsizliyin təminatı deyil, həm də təhlükəsizliyə qarşı yönələn yeni hədələrə qarşı dayanmaq sahəsində də əməkdaşlıq az əhəmiyyət kəsb etmir. Dövlətlərimizin AQETŞ, ATƏT, BMT, MDB, İKT və İƏT kimi müxtləf beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyəti də böyük əhəmiyyətə malikdir.

Bununla əlaqədar, Qazaxıstan ölkələrmiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin gələcəkdə inkişafı kursunu davam etdirəcək. Fikrimcə, prezidentlər və hökumətlər səviyyəsində konstruktiv siyasi dialoq və konkret razılaşma buna parlaq sübutdur. Mənə elə gəlir ki, son il ərzində ikitərəfli əməkdaşlığın səviyyəsi əhəmiyyətli dərəcədə artıb.

Lakin bununla yanaşı, tərəflərin prezident Nazarbayevin 2005-ci ilin yazında Azərbaycana səfəri zamanı əldə olunan razılaşmaların, eləcə də bir aydan azacıq artıq bir müddət əvvəl Bakıda keçirilən İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 4-cü iclasının gedişində əldə olunan qərarlarının reallaşdırılmasında fəallığı artırması zəruridir.

Tərəflərin əsas səyləri əməkdaşlıq sahəsində iki ölkə üçün prioritet olan tərəfdaşlığın inkişafına yönəlməlidir. Söhbət hər şeydən əvvəl, karbohidrogenlərin, kimya sənayesinin, neft-qaz maşınqayırmasının nəqlindən gedir.

İkitərəfli əməkdaşlıqda, həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən daha perspektivli sahələrdən biri hər şeydən əvvəl Qazaxıstan-Azərbaycan enerji dialoqunun inkişafıdır. Ölkələrimizin hökumətləri qarşısında duran tapşırıqların oxşarlığı nəzərə alınmaqla, tərəflərin qarşılıqlı münasibətlərin diversifikasiya yolu ilə inkişafında səylərini xüsusi vurğulamaq istəyirəm.

Bu kontekstdə xammalın işlənməsi və hazır məhsulun istehsalı sahələrini özündə birləşdirən energetika sahəsində birgə müəssisələrin yaradılması mənə daha aktual görünür. Ölkələrimizin neft-qaz, kimya komplekslərinin inkişafı xüsusi maraq doğurur.

Fikrimizcə, əməkdaşlığımızın hələ də reallaşdırılmamış imkanlara malik nəqliyyat-kommunikasiya sahəsində möhkəmlənməsi də müəyyən maraq yaradır.

Hər şeydən əvvəl, Xəzərin üstünlüklərindən istifadə etməklə Avropa ilə Asiya arasında tranzit-nəqliyyat potensialının gələcəkdə təkmilləşdirilməsinə yönəlmiş birgə layihələrin reallaşdırılmasına diqqəti artımaq lazımdır. Belə ki, hazırda dənizin dibi ilə Aktau-Bakı optik-lif rabitə xəttinin çəkilməsi layihəsi artıq həyata keçirilir.

Bundan əlavə, Azərbaycanın telekommunikasiya xidmətləri bazarında Qazaxıstan şirkətlərinin iştirakının genişləndirilməsi maraqlı görünür.

Regionlararası əməkdaşlığı hesabdan silib atmaq olmaz. Əksinə, onu hər vasitə ilə gücləndirmək lazımdır. Bu istiqamətdə artıq bir sıra uğurlar əldə edilib. Lakin hökumətlərimizin qarşılıqlı maraq doğuran sahələrdə biznes və kapitalın qarşılıqlı şəkildə qovuşmasının fəallaşması üzrə səylərini artırmaq zəruridir.

Ölkələrimiz TÜRKSOY və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ikitərəfli razılaşmalar istiqamətində mədəni-humanitar əməkdaşlığı uğurla həyata keçirir. Məsələn, TÜRKSOY çərçivəsində ardıcıl surətdə sərgilər, incəsənət ustalarının konsertləri, iki ölkənin ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə beynəlxalq elmi simpoziumlar, "dəyirmi masa"lar keçirilir.

- Bu yaxınlarda Azərbaycan və Qazaxıstan qazının Avropaya idxalı üçün Xəzər dənizinin dibi ilə sualtı qaz kəmərinin tikintisi imkanlarını müzakirə edib. Bu layihənin reallaşması hansı amillərdən asılıdır?

- Biz bu layihəni olduqca perspektivli hesab edirik. O, Qazaxıstanın xarici enerji bazarlarına karbohidrogen xammalı satışı istiqamətində yürütdüyü çoxşaxəli siyasətlə uzlaşır.

Qazaxıstan Respublikasının 2015-ci ilə kimi qaz sahəsinin inkişafı konsepsiyasının mümkün ixrac istiqamətlərindən biri kimi Qazaxıstan qazının Türkiyə vasitəsilə Avropaya icxracı üçün transxəzər Qazaxıstan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Türkiyə qaz kəməri marşrutu nəzərdə tutulub.

Bununla yanaşı, transxəzər qaz kəmərinin reallaşdırılması bir sıra risqlərlə bağlıdır. Hər şeydən əvvəl, bu, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunmaması ilə əlaqədar olan hüquqi risqdir ki, bu da Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi siyasətinə bilavasitə təsir edir.

İkincisi, bu, neft-qaz sahəsində əməkdaşlıq üzrə Qazaxıstan-Rusiya münasibətlərində mümkün qarşıdurma ilə nəticələnə biləcək siyasi risqdir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, bu layihənin vəsait təminatı Qazaxıstan qazının ixrac üçün real perspektiv həcminin təsdiqi ilə əlaqədardır.

Sonuncusu, marşrutun alternativ ixrac qaz kəmərləri ilə müqayisədə rəqabət qabiliyyətinin müəyyən olunmasını tələb edən iqtisadi risqdir.

- Bakı-Tbilisi-Ceyhan boru kəmərinə birgə neftin vurulması barədə Azərbaycan-Qazaxıstan hökumətlərarası razılaşmasının tezliklə imzalanacağını gözləmək olarmı?

- Azərbaycan Respublikası ərazisindən və Xəzər dənizi vasitəsilə neftin nəqlinə yardım və dəstəklə bağlı ölkələrmizin hökumətləri arasında Müqavilənin layihəsi artıq müzakirə olunub. Sizin paytaxtınızda bu il aprelin ikinci yarısında müvafiq nazirliklərdən və ""KazMunayQaz MŞ" SC-dən qazax ekspertləri Azərbaycan tərəfinin işçi qrupu ilə görüşüblər.

Hlazırda müqavilə layihəsinin mətninin yekun razılaşdırılması üzrə danışıqlar hələ də davam edir. Biz ümidvarıq ki, müqavilə yaxın vaxtlarda yüksək səviyyədə tərəflər arasında imzalanacaq.

- Azərbaycan ərazisindən qazax neftinin dünya bazarına ixracı üçün Xəzərin dibi ilə neft kəmərinin tikintisi nə dərəcədə realdır?

- İndi biz Aktau-Bakı neft nəqli infrastrukturlarının ( müqavilədə rəsmi adı - "Transxəzər sistemi"dir) yaradılmasını nəzərdən keçiririk. Bu, Qazaxıstan neftinin Qazaxıstanın Xəzər dənizi sahilindəki terminalından başlayaraq Xəzər dənizindən gəmilər və ya digər nəqliyyat infrastrukturları ilə Azərbaycan Respublikasının Xəzər dənizi sahilindəki terminalına nəqlini həyata keçirməyə imkan verir.

Aktau-Bakı sisteminin Azərbaycan ərazisində yerləşən Bakı-Tbilisi-Ceyhan və ya digər ixrac neft nəqli strukturları sisteminə birləşdirilməsi planlaşdırılır.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Xəzər dənizinin dibi ilə neft kəmərinin tikintisi məsələsi Xəzəryanı dövlətlərlə razılaşdırma tələb edir. Bununla əlaqədar, bu mərhələdə hələlik Qazaxıstan tərəfi neft ixracı üçün Azərbaycan Respublikasından Xəzər dənizinin dibindən neft kəmərinin tikintisini nəzərdən keçirmir.

Bu zaman bu məsələnin daha dəqiq nəzərdən keçirilməsinin zəruri olduğu qeyd olunmalıdır və düşünürəm ki, biz Xəzərin dibi ilə boru kəmərinin tikintisi mövzusuna bir qədər gec qayıdacağıq.

- Qazaxıstan karbohidrogenlərin Azərbaycan, Rusiya, İran və Çin kimi ölkələrdən ixracına hazır olduğunu bəyan edib. Sizin ölkəniz sadalanan istiqamətlərdən hansılarını daha perspektivli hesab edir?

- Qazaxıstanın kontinental ölkə olduğunu və karbohidrogen ehtiyatlarının əsas dünya bazarlarından uzaqda olduğunu nəzərə alsaq, karbohidrogenlərin nəqli məsələsinin həlli Qazaxıstan üçün prioritet əhəmiyyətə malikdir. Karbohidrogenlərin hasilatı respublikada ildən-ilə çoxalır və neft ixracı məsələsi bu gün Qazaxıstan üçün həyati mühüm əhəmiyyətə malikdir.

Qazaxıstan öz karbohidrogen ehtiyatlarını bir sıra istiqamətlərə ixrac edir. Lakin hazırda qazax neftinin əsas ixrac marşrutu Xəzər boru kəməri Konsorsiumundan keçir.

Bizim ölkəmiz neftin nəqlinin dünya bazarlarına yeni, alternativ istiqamətlərinin işlənməsində maraqlıdır və biz bütün istiqamətləri nəzərdən keçirəcəyik. Qeyd etmək vacibdir ki, Sizin sadaladığınız istiqamətlərdən hər biri pesrpektivli hesab edilir.

Misal üçün, ötən ilin dekabrında Qazaxıstanın Atasu qəsəbəsindən Çinin Alaşankou məntəqəsinə kimi ümumi uzunluğu 998 km olan neft kəməri tikilib və hazırda bu kəmərin doldurulması ilə bağlı işlər aparılır. "Atasu-Alaşankou" boru kəmərinin tammiqyasda istismara verilməsi cari ilin mayına planlaşdırılıb.

İran istiqaməti də iqtisadi planda perspektivli görünür. Qazaxıstan neftinin İrandan ixracı daim artır. Ötən il o, 1,8 mln. ton təşkil edib ki, bu da 2003-cü ildən 2 dəfə çoxdur.

Bundan əvvəlki cavabda deyildiyi kimi, hazırda Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qoşulması ilə bağlı danışıqlar aparılır. Bu kəmərə birləşmə barədə müqavilə imzalanandan sonra biz Azərbaycan Respublikasından Qazaxıstan neftinin ixracını əhəmiyyətli dərəcədə artıracağıq.

Xəbər lenti

Xəbər lenti