...

MTN əməkdaşları narkotik qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirib

Siyasət Materials 11 May 2006 13:49 (UTC +04:00)

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirib. Bu barədə Trend ə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən məlumat verilib.

Saxlanılanlar arasında İran vətəndaşları da var. İstintaq yolu ilə müəyyən edilib ki, 6 nəfərdən ibarət dəstə üzvləri İran ərazisində əldə etdikləri 18 kiloqramdan artıq həşişi və 150 qramadək heroini Azərbaycana gətiriblər.

Daha sonra narkotik vasitəni Sankt-Peterburqa aparmağı planlaşdırıblar. Bu məqsədlə dəstə üzvü Elsevər Mustafayev narkotik vasitəni Bakıdan Naxçıvana yanacaq daşıdığı MAZ markalı yük maşınının saxlanc yerində gizlədib. Lakin Salyan rayonu ərazisində MTN əməkdaşları tərəfindən saxlanılıb və maşına baxış keçirərkən cinayətin üstü açılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin digər üzvləri də yaxalanıb.

Faktla bağlı MTN-nin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cı (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti