Mayın -26-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu və regional məsələlr daimi komissiyallarının birgə iclası keçirilib. Trend xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə" AR qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
Komissiya üzvləri "Dövlət qulluğu haqqında" qanuna və Mülki Məcəllənin bir sıra maddələrinə dəyişikliklərin edildiyini bildiriblər. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov qanunlarda edilən dəyişiklərin əhəmiyyətindən danışıb.
Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə qeyd edib ki, qanunun bəzi maddələrində dəyişikliklər edilsə də, bəzi qanunlar bütövlükdə təftiş olunmalıdır. Komissiya sədri Torpaq Məcəlləsini buna misal çəkib. Deputatlar və müvafiq şöbələrin əməkdaşları sözügedən qanunlara edilən dəyişikliklərlə bağlı öz fikir və təkliflərini bildiriblər. A.Rəhimzadə bu təkliflərin nəzərə alınacağını bildirib və qeyd edib ki, komissiyalar yenidən mayın 30-da toplaşıb sənədləri müzakirə edəcək.