...

Xələf Xələfov: Azərbaycan Xəzərin sabitlik zonasına çevrilməsində maraqlıdır

Siyasət Materials 23 Avqust 2006 15:26 (UTC +04:00)
Xələf Xələfov: Azərbaycan Xəzərin sabitlik zonasına çevrilməsində maraqlıdır

Trend in Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla eksklüziv müsahibəsi

- Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının Batumidə keçirilmiş sonuncu iclasının yekunlarına görə, Qars-Axalkalaki-Tiflis-Bakı dəmir yolu ilə bağlı razılaşmanın əldə olunduğuna dair bəyanat verilib. Daha əvvəl isə Azərbaycanın Gürcüstanla sərhədlərinin delimitasiyası məsələsində əldə olunmuş razılıq barədə bildirilib. Bu məsələləri şərh edə bilərdinizmi?

- Həqiqətən, Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının Batumidə keçirilmiş iclasında Gürcüstan hökuməti Qars-Axalkalaki-Tiflis-Bakı dəmir yolunun inşasında iştirakı ilə bağlı öhdəliklərini təsdiqləyib. Türkiyə və Azərbaycan öz vəsaitləri hesabına dəmir yolunun inşasına başlamağa hazırdır. İndi Gürcüstanla layihənin qarşılıqlı şərtləri razılaşdırılacaq. Daha sonra Mərkəzi Asiya ölkələrinin bu layihəyə qoşulması məsələsinə baxılacaq.

Gürcüstanla sərhədlərin delimitasiyasına gəlincə isə, sonuncu görüşdə biz ilk dəfə olaraq 200 km-dən artıq ərazini razılaşdırmışıq. Bu, böyük uğurdur. Çünki 10 il ərzində biz heç bir metr ərazi ilə bağlı razılığa gəlməmişik. 1996-cı ildə 98 km ərazi razılaşdırılıb və o vaxtdan bəri bu sahədə heç bir irəliləyiş olmayıb. Növbəti görüşlərdə biz yerdə qalan 180 km ərazini razılaşdırmağı planlaşdırırıq.

- Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə birgə işçi qrupunun növbəti görüşü nə zaman gözlənilir? Xəzəryanı ölkə başçılarının sammitinin keçirilməsi məsələsi indiyədək açıq qalır.

- Moskvada keçirilmiş sonuncu görüşdə növbəti görüşün Aşqabadda keçirilməsinə dair qərar qəbul olunub. Görüşün tarixini işçi qrupunu qəbul edəcək ölkə təklif etməlidir. Ancaq görüşün Aşqabadda keçiriləcəyi birmənalıdır.

Sammitin özü isə hələ də ideya olaraq qalır. Bu sammitin keçirilməsi üçün xüsusi hazırlıq lazımdır və prinsipial məsələlər razılaşdırılmalıdır.

- Yəni bütün bu illər ərzində əsas məsələləri razılaşdırmaq mümkün olmayıb?

- Demək olmaz ki, bu illər ərzində heç nə edilməyib. Mövqelərdə, məsələyə yanaşmalarda yaxınlaşma var. Ancaq problem ondadır ki, ümumi razılıq olduğu zaman hansısa detalın çatışmaması danışıqların gedişinə təsir edir, məsələnin ümumi həllinə nail olmağa imkan vermir. Söhbət danışıqların çoxtərəfli və ikitərəfli formatından gedir. Məsələn, dənizin dibinin bölünməsi istiqamətində danışıqlar ikitərəfli qaydada aparılır. Azərbaycan, Rusiya və Qazaxıstan öz aralarında bu məsələni həll edib. Mərkəzi və cənub hissələr, Azərbaycan, Türkmənistan və İran arasındakı ərazi isə qalıb. Biz bu ölkələrlə danışıqlar aparırıq, ancaq hələ də fikir ayrılığı qalmaqdadır. Problemin həlli yüzlərlə aspektdən asılıdır. Bu, suyun dibindən istifadə, dövlətlərarası əməkdaşlıq, təhlükəsizlik, ekologiya, nəqliyyat, suverenlik məsələləri, rejimlərdən ibarətdir.

Problemin həll olunmaması bütövlükdə dövlətlərarası münasibətlərə mənfi təsir göstərir. Azərbaycan problemin diplomatik metodlarla həllində maraqlıdır. Dövlətlər arasında əlaqələrin möhkəmlənməsi, Xəzərin sabitlik zonasına çevrilməsi, investisiya mühitinin inkişafı üçün ilk növbədə hüquqi baza lazımdır.

İran prezidentinin Xəzər məsələləri üzrə şəxsi nümayəndəsi Mehdi Səfərinin Bakıya sonuncu səfəri zamanı da İran və Azərbaycan arasında həll olunmamış məsələlər müzakirə olunub.

- Bu səfər zamanı İran və Azərbaycan arasında viza rejimi ilə bağlı məsələ də müzakirə olunubmu?

- Məlumdur ki, İran və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanıb. Azərbaycan parlamenti artıq bu sazişi ratifikasiya edib. İndi sənədin İran tərəfindən də təsdiqlənməsi lazımdır. Biz bu məsələni Mehdi Səfəri ilə görüşdə qaldırdıq və o, bizi əmin etdi ki, yaxın vaxtlarda İran bu məsələni həll edəcək.

Biz, həmçinin, İran tərəfindən yaxın vaxtlarda İran-Azərbaycan nəqliyyat komissiyasının işini təmin etməyi xahiş etmişik. Bu komissiyanın əsas məqsədi avtomobil daşımaları haqqında sazişin tətbiqindən ibarət olacaq. Bundan başqa, blokada şəraitində olan Naxçıvan MR ilə bağlı İrana xüsusi müraciət göndərilib. Naxçıvana gedən avtobuslar İran ərazisindən keçə bilər və biz bu məsələnin nəqliyyat komissiyasında həllinə nail olmaq istəyirik.

- Xəzər dənizinin statusu müəyyən edilmədən Türkmənistanla sərhəddə yerləşən "Kəpəz" və İranla sərhəddə yerləşən "Araz-Alov-Şərq" yataqlarının işlənməsi nə dərəcədə realdır?

- Xəzərin sərhədləri bölünmədən bu yataqların işlənməsindən söhbət gedə bilməz. Konkret olaraq "Kəpəz" yatağına gəlincə isə, biz Türkmənistanla orta xəttin koordinatlarını müəyyən etməliyik. Sovet İttifaqı dövründə mövcud təcrübəyə əsasən, "Kəpəz" yatağı dənizin Azərbaycan hissəsinə daxil idi. Ancaq buna baxmayaraq, Azərbaycan bu məsələdə konstruktiv mövqe tutur və Türkmənistanla münasibətləri müəyyən etmədən yataqdan istifadə etməyə çalışmır.

İranla sərhəddə yerləşən "Araz-Alov-Şərq" yatağı məsələsində də nəyəsə iddia etmək mənasızdır. Xəzərdə hüquqi vəziyyəti mövcud praktika müəyyən edir. Bu praktikaya görə, yeni qaydalar müəyyən olunanadək ölkələr mövcud normalar üzrə hərəkət etməlidir. İran isə bu yatağa iddia edir.

- İndiyədək Azərbaycanın diplomatik əlaqələr qurmadığı ölkələr var. Yaxın vaxtlarda yeni əlaqələrin qurulması nəzərdə tutulurmu?

- Belə ölkələr çoxdur. Bu gün Azərbaycanın dünyanın 160-dan çox ölkəsi ilə diplomatik əlaqələri mövcuddur. Ancaq BMT-yə üzv dövlətlərin sayı 200-dən artıqdır. Biz başqa ölkələrlə də rəsmi əlaqələr qurmalıyıq. Bununla əlaqədar olaraq diplomatik nümayəndəliklərimizin sayını artırmaq niyyətindəyik. Söhbət Mərkəzi və Cənubi Afrika, Latın Amerikası, Cənub-Şərqi Asiyadan gedir. Yaxın vaxtlarda Azərbaycanın Cənubi Koreya, Malayziya, İsveç və Niderlandda səfirliklərinin açılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti