Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə Trend ə YAP-dan məlumat verilib.
İclasda YAP-ın ilin birinci yarısına dair fəaliyyətinə ilə bağlı hesabatı dinlənilib və müzakirə edilib. Bilidrilib ki, hesabat dövründə partiyanın fəaliyyətində diqqətdə olan əsas məsələ təkrar parlament seçkiləri olub. Seçki keçirilən 10 dairənin beşində YAP-ın namizədləri qalib gələrək Milli Məclisdə partiyanın deputat korpusunun sayını 62 nəfərə çatdırıb.
2006-cı ilin I yarısında YAP-ın beynəlxalq əlaqələrinin geniqşləndirilməsi istiqamətində işlər görülüb, partiyanın nümayəndə heyəti AKP-nin dəvəti ilə Türkiyəyə, Milli Demokrat Partiyasının dəvəti ilə Misirə səfərlər edib. YAP-ın dəvəti ilə Rumıniya Sosial Demokrat Partiyasının nümayəndə heyəti Bakıda səfərdə olub. YAP Gənclər Təşkilatı hesabat dövründə AKP və Ukrynanın Regional Partiyasının gənclər təşkilatları ilə qarşılıqlı səfərlər ediblər. Bu müddət ərzində YAP cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edib, aktüal mövzular üzrə bir sıra konfrans və dəyirmi masa keçirib. Partiya nümayəndələri cəbhə xəttinə səfərlər edib, əsgərlərlə görüşüb, orduya maddi yardımlar edib.
İdarə Heyətinin iclasında qeyd olunub ki, yarım il ərzində partiya üzvlərinin sayı 16 min 677 nəfər artıb. İl ərzində ölkənin iqtidar partiyası öz sıralarında 393 min 746 nəfəri birləşdirib ki, bunların da 167 min 216 nəfəri (42,4 faizi) qadınlar, 150 min 524 nəfəri isə (38,2 faiz) gənclərdir. Partiya sıralarında tələbələrin sayı xeyli artaraq 39 min 203 nəfərə çatıb.
İclasda partiyanın yarım illik maliyyə hesabı təsdiq edilib, 2006-cı il yanvar-iyun aylarında YAP-a üzvlük haqlarından 527 min 958 manat daxil olub. Daxil olmuş vəsait hesabından partiyanın mərkəzi və yerli strukturlarında çalışan şəxslərin əmək haqlarının ödənilməsinə, tədbirlərin keçirilməsinə və təsərrüfat xarakterli xərclərə 453 min 986 manat istifadə olunub.
İdarə Heyəti YAP-ın 2006-cı il iyul-dekabr ayları üçün iş planını da təsdiq edib.