...

Fazil Qəzənfəroğlu: "MSK-nın funksiyasını gələcəkdə müəyyən dövlət orqanı həyata keçirməlidir"

Siyasət Materials 31 Avqust 2006 12:03 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) paritet əsaslarla formalaşması olduqca çətin məsələdir. Bu barədə Trend ə müxalifətyönlü Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu MSK-nın tərkibinin dəyişdirilməsi ilə bağlı fikirlərində bildirib.

Millət vəkili qeyd edib ki, bu məsələ Milli Məclisdə müzakirə olunsa da, effektli varinat tapılmayıb: "MSK-nın paritet əsaslarla formalaşması olduqca çətindir. Amma bu varinatdan başqa yollar da var. Mənə elə gəlir ki, MSK paritet əsaslarla Milli Məclisdə təmsil olunan və azlıqda qalan partiyaların təmsilçilərindən ibarət tərkibdə fəaliyyət göstərməlidir. Bu variant MSK-nın tərkibinin formalaşdırılması ilə bağlı yaranmış problemi qismən də həll edə bilər".

BQP sədri onu da vurğulayıb ki, gələcəkdə bu funksiya müəyyən dövlət orqanı tərəfindən həyata keçirilməlidir: "Bu variant seçki kampaniyası və seçki təcrübəsinin təkmilləşdirilməsinə müsbət təsir göstərə bilər". Millət vəkili qeyd edib ki, bu funksiyanı ya Daxili İşlər Nazirliyi, ya da Ədliyyə Nazirliyi həyata keçirə bilər. F.Qəzənfəroğlu onu da qeyd edib ki, Müsavat Partiyası öz nümayəndəsini MSK-ya göndərməlidir: "Müxalifət tam tərkibdə MSK-nın formalaşmasında iştirak etməlidir. Bu məsələdə müxalifət kənarda qalmamalıdır".

Qeyd edək ki, BQP sədri Milli Məclisdə yaradılan müxalifət deputat qrupunun və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvüdür.

Xəbər lenti

Xəbər lenti