...

Rövşən Mustafayev: "Ermənilərin yəhudilərə qarşı törətdiyi soyqırım mövzusu ilə bağlı İsraildən müraciətlər almışıq"

Siyasət Materials 22 Sentyabr 2006 14:46 (UTC +04:00)
Rövşən Mustafayev: "Ermənilərin yəhudilərə qarşı törətdiyi soyqırım mövzusu ilə bağlı İsraildən müraciətlər almışıq"

Azərbaycan Milli Elmlər Akademiyası İnsan Haqları İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin Trend ə eksklüziv müsahibəsi

- Rövşən müəllim, bir müddət əvvəl İnsan Haqları İnstitutu Azərbaycanda dağ yəhudilərinin ermənilər tərəfindən soyqırıma məruz qalmasına dair faktlar üzə çıxardı. Bu araşdırmalar davam etdirilirmi?

- Bəli, İnsan Haqları İnstitutu 1918-19-cu illərdə Azərbaycanda yəhudilərin erməni quldur dəstələri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsinə dair faktları üzə çıxararaq ictimaiyyətə açıqladı. Həmin dövrdə Quba yaxınlığındakı Şmi dərəsində dinc yəhudilərə qarşı dəhşətli qətliam həyata keçirilib. İnstitut bu istiqamətdə araşdırma işlərinə başladı və Azərbaycandakı yəhudi icmasını da bu işə cəlb etdi. Biz artıq soyqırıma məruz qalan şəxslərin diqəqləşdirilməsi ilə məşğul oluruq. Azərbaycanın Quba rayonunda və onun ətrafında qətlə yetirilmiş yəhudilərdən artıq 118 nəfərin kimliyi - adı, soyadı, atasının adı müəyyənləşdirilib. Rəsmi rəqəmlərə görə, soyqırım zamanı öldürülən yəhudilərin sayı 1200-1300 nəfərdir. Lakin bu rəqəmlərdə xeyli dəyişikliklər olub. Belə ki, Sovet qoşunları tərəfindən Azərbaycanda milli hökumət devrildikdən və ölkəmiz SSRİ-nin tərkibinə daxil edildikdən sonra Azərbaycan SSR-in rəhbərliyində xeyli sayda erməni mənşəli şəxslər təmsil olunublar. Çox maraqlı və bəlkə də sensasion bir fakt var ki, o vaxt sovet hakimiyyəti illərində ermənilərin, hətta "Daşnaksütyun" terror təşkilatının nümayəndələri Azərbaycanın dövlət arxivlərinə giriblər. O dövrdəki hadisələrə, ermənilərin törətdikləri qətllərə dair bir sıra sənədlər bundan sonra yox olub. Soyqırımı törədənlərdən biri - erməni generalı Sərkisyanın oğlu, çox güman ki, Azərbaycanda dövlət başında olan erməni mənşəli adamların himayəsi ilə bizim arxivə girib. Əlbəttə ki, onun öz atasının qanlı əməllərini təsdiq edən faktları, arxiv sənədlərini götürməsi mümkündür və bizim fikrimizcə, çox böyük ehtimalla bu, belə olub.
İnsan Haqları İnstitutunın əsas mənbələri təkcə arxiv sənədləri deyil, həm də yəhudilərin dini mərkəzləridir. Maraqlı bir hadisə də baş verib, dünən mən İsraildən məktub almışam. İsrail parlamentinin üzvləri, Yerusəlim Universiteti, bir neçə intellektual qurumlar mənə müraciət ediblər ki, bizim bu araşdırmalarımız, dağ yəhudilərinin ermənilər tərəfindən soyqırıma məruz qalması faktı onların da çox ciddi marağına səbəb olub. Onlar məktubda məndən xahiş edirlər ki, bu mövzunun müzakirələrini və araşdırmalarımızı davam etdirək. Hətta lazım olarsa, onlar bu işə öz mütəxəssislərinin də cəlb olunmasını təklif ediblər. İndiyədək bu, söz olaraq qalırdı, ancaq indi bizə məktubla müraciət olunub. İsrail parlamentinin nümayəndələri də maraq göstəriblər və bildiriblər ki, Yerusəlim Universitetinin, digər qurumların köməkliyinə, lobbiçilik dəstəyinə ehtiyacımız olarsa, müraciət edək.

- Ermənilərin böyük türk millətinə qarşı tarixi düşmənçiliyi məlumdur. Bəs, sizcə, ermənilərin yəhudiləri də soyqırıma məruz qoymasının hansısa tarixi kökləri var, yoxsa bu, ənənəvi erməni vandalizmidir?

- Ola bilər ki, bunun tarixi səbəbləri var. Mən bugünkü geopolitik proseslərdən bir nümunə göstərim. Məlumdur ki, İsrail dövlətinin əsas hədəfi Livan deyil, "Hizbullah" təşkilatıdır. Son hadisələr göstərdi ki, "Hizbullah" təşkilatının həyata keçirdiyi əməliyyatlarda icraçılardan bəziləri erməni mənşəlidir. Əslində bizim üçün bu fakt yeni deyildi. Müsəlmanlara məxsus terror təşkilatlarında erməni mənşəli terrorçuların olması heç kəsə sirr deyil. Amma yeni faktlardan ən maraqlısı bu oldu ki, hələ 2001-ci ilin may ayında İsraildə Stefan Nikolyan adlı erməni mənşəli pilot-kamikadze ilk avia terror törətdi. 6 aydan sonra ABŞ-da məlum 11 sentyabr hadisəsi baş verdi. Maraqlıdır ki, İsraildə baş vermiş avia-teraktı "Hizbullah" təşkilatı öz üzərinə götürdü və özünün uğurlu əməliyyatı kimi təqdim etdi. Göründüyü kimi, erməni terrorçularının da təmsil olunduğu "Hizbullah" təşkilatının əsas hədəfi İsraildir. Erməni mənşəli xristian pilot-kamikadze ilə müsəlman təşkilatı olan "Hizbullah" arasında hansı əlaqələr ola bilər? Görünür ki, burada başqa amillər var. Tarixə də nəzər salsaq, görərik ki, 1918-ci ildən də əvvəl ermənilərin və onların terror təşkilatlarının yəhudilərə, türklərə qarşı qanlı əməliyyatları olub. Yəni, söhbət 1895-ci, 1898-ci illərdən gedir.

Mən bu faktları söyləməklə İsrailin Livana, yaxud "Hizbullah"a qarşı apardığı əməliyyatlara nə bəraət qazandırmaq, nə də mövqe bildirmək istəmirəm. Bunlar tamam başqa məsələlərdir. Mən sadəcə onu önə çəkmək istəyirəm ki, ermənilərin də bu işdə iştirak etməsi paradoksal haldır. Nəyə görə bütün xristian xalqları arasında məhz ermənilər müsəlman təşkilatlarında fəaliyyət göstərir, terror aktlarında iştirak edirlər? Bəlkə ona görə ki, 1810-cu ildə ilk dəfə ermənilər və yəhudilər arasında "İsa peyğəmbər kimdir - yəhudi, yoxsa ermənidir" məsələsi qalxmışdı. Ermənilər iki nəfərdən ibarət komanda yaratdılar - onların adları da məndə var - İsa pəyğəmbərin cənazəsini Yerusəlimdən çıxarıb Amerikaya aparmaq istəyirdilər. Ermənilərlə yəhudilərin arasında ilk konflikt də o vaxt yaranıb. Bəlkə də tarixi kökləri buna gedib çıxır.

- "Cənubi Qafqazda separatizm əsas təhlükə mənbəyi" mövzusunda keçirməyi planlaşdırdığınız konfransda bu məsələlər müzakirə olunacaqmı?

- Sentyabrın 30-da İnsan Haqları İnstitutunda "Separatizmsiz və separatçılarsız Qafqaz" adlı dəyirmi masa keçiriləcək və tədbirdə Gürcüstandan, Ukraynadan, Rusiyadan nümayəndələr, alimlər, deputatlar iştirak edəcəklər. Yəhudi soyqrımı ilə bağlı həmin toplantıda məlumat veriləcək. Müxtəlif ölkələrdən gələn politoloqlar, həmkarlarımız Cənubi Qafqazda erməni təhlükəsi barədə fikirlərini bildirəcəklər. Ümumiyyətlə, İnstitutumuzun bu alimlərlə müntəzəm əlaqələri var. Onlar bu məsələlərdə birmənalı olaraq Azərbaycanı dəstəkləyirlər. Cavaxetiyada baş verən son hadisələrdən sonra artıq Gürcüstanın da gözü açılıb. Rusiyanın siyasi elitasının yeni nəsli də bu işdə Azərbaycana dəstək verir, çünki reallığı görürlər və məhz reallığa dəstək verirlər.

- Mövzunun geniş müzakirələri davamlı olacaqmı?

- Bəli, gözlənilir. Çünki bizə Lüksemburq və Barselonadan da müraciətlər edilib. Sentyabrın 30-da keçiriləcək konfrans artıq xaricdə də maraq yaradıb. Bizə təklif ediblər ki, bu komanda ilə mövzunun müzakirələrini həmin ölkələrdə də davam etdirək, dəyirmi masalar keçirək. Əgər baş tutarsa, Lüksemburq və Barselonadan olan yerli nümayəndələr, alimlər də iştirak edə bilərlər. Bu, həm də bizə genişlənmək imkanı yarada bilər. Mən bu təklifi alanda çox sevindim. İlk dəfə idi ki, Azərbaycanın Milli Elmlər Akademiyası səviyyəsində bu mövzuda başlanan tədbirlərə xarici ölkələrdən də reaksiya verilir, müracətlər gəlir. Xaricdə belə tədbirlərin təşkil edilib-edilməməsi isə Bakıda keçiriləcək dəyirmi masanın nəticəsindən asılı ola bilər. Bizə Gürcüstanın Prezident Administrasiyasından da zəng vurublar və bildiriblər ki, onların nümayəndələri bu tədbirdə iştirak etmək, müzakirələri dinləmək istəyirlər. Moskvada yaşayan ermənilər də iştirak etmək istəyiblər. Biz onların bioqrafiyası ilə tanış olduq və başa düşdük ki, bura gəlib konfransı pozmaq niyyətindədirlər. Yəni bu konfliktin həllinə kömək etmək, müzakirələri doğru istiqamətə yönəltmək deyil, məhz bizim dəyirmi masanın işini pozmaq məqsədi güdürlər. Buna görə də biz onlara rədd cavabı verdik.

- "Strasti po virtuali" kitabınız yeni siyasi terminləri və hadisələrə baxış üslubu ilə fərqlənir. Nəşr etnik konflitklər mövzusunda yeni elmi tədqiqat obyektləri yarada bilərmi?

- Bu nəşrdə hadisələrin təhlili zamanı etnokorporasiyalar müəyyənləşir və onların iş mexanizmləri göstərilir. Mənim tələbələrim bu mövzularla çox maraqlanırlar. Biz də istəyirik ki, mövzunun davamçıları olsun. Ümumiyyətlə, etnokorporasiya anlayışı müasir politologiyada yox idi. Biz bu anlayışı politologiya elminə daxil etdik. Xarici ölkələrdən də alimlər bizə müraciət edir, mövzuyla maraqlanırlar. Mənim öz magistrantlarım, aspirant və doktorantlarım da müraciət ediblər ki, bu mövzuda elmi iş götürüb yazmaq və müdafiə etmək istəyirlər. Mən hələ kiməsə razılıq verməmişəm. Amma bu mövzu bir nəfərin görə biləcəyi iş olmadığına görə, təxminən 3 nəfərlik elmi qrup yaradıla və birgə işlər görülə bilər. Bildiyiniz kimi, İnsan Hüquqları İnstitutunun dissertantura, aspirantura və doktoranturası var. Elmi işlər bizm öz Elmi Şuramızda müzakirəyə çıxarılır. İnstitut özü-özlüyündə bir məktəb deməkdirsə, onda bu bina ideyalarla dolur və biz onları işə salırıq. Etnokorporasiya mövzusu ilə bağlı konkret layihə və ad hələ müəyyənləşdirməmişəm. Təxminən "Müasir dünya məkanı və etnokorporasiya anlayışı" adlana bilər. Köhnə, yəni klassik dövlət anlayışı artıq arxada qalıb, onların vaxtı bitmək üzrədir. Müasir dünyanı transmilli korporasiyalar və etnokorporasiyalar idarə edir. Ona görə bu anlayışlar öyrənilməli, tədqiq edilməlidir.
Məsələn, nümunə kimi deyə bilərik, Azərbaycan Gürcüstanla müqavilə bağlayır ki, bu ərazilərdən Bakı-Tbilisi-Ceyhan neft kəməri keçəcək. Amma boru Cavaxetiyadan, yaxud onun yaxınlığından keçirsə, Gürcüstan artıq kəmərin təhlükəsizliyinə təminat verə bilmir. Deməli, Gürcüstanla müqavilənin bağlanıb-bağlanmamasından asılı olmayaraq, bu ölkənin orada sözü keçmir. Bəs onda kəmərin bu hissəsinə hansı transmilli və etno korporasiyalar təminat verə bilər və kiminlə işləmək lazımdır? Bu mexanizmləri işləyib hazırlamaq lazımdır. Klassik Avropa ölkələri artıq bu istiqamətdə inkişaf ediblər.

Xəbər lenti

Xəbər lenti