Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) oktyabrın 4-də və 6-da Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.
Qeyd edək ki, AMİP-in qərargah üçün yer ayrılması ilə bağlı müvafiq dövlət orqanlarına dəfələrlə müraciətlər etməsinə baxmayaraq, partiya hələ də qərargahla təmin olunmayıb. AMİP qərargah probleminin həll edilməməsinə etiraz olaraq fasiləsiz aksiyalara başlamağa qərar verib. Bununla əlaqədar sentyabrın 26-da partiya fəalları Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Müraciətdə gələn həftənin üçüncü və beşinci günləri - oktyabrın 4-də və 6-da saat 13.00-da Əmlak Komitəsinin binası qarşısında piket keçiriləcəyi barədə məlumat verilir.
Qeyd edək ki, AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.