Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzində (MSƏM) əməkdaşlığımızın əlaqələri zəifdir. Bu barədə Trend ə MSƏM-in təsisçilərindən olan Milli Dirçəliş Hərəkatının (MDH) lideri Fərəc Quliyev bildirib.
F.Quliyev qeyd edib ki, MSƏM blok deyil, beş partiyanın birgə əməkdaşlığı idi: "Təbii ki, münasibətlər sistemi zəifdir. Ümumiyyətlə, Azərbaycanın siyasi mühitində olduqca zəiflik müşahidə olunur. Biz də daxil olmaqla MSƏM-də təmsil olunan partiyaların da fəaliyyətində zəiflik var". MDH lideri onu da vurğulayıb ki, müxalifətdə yeni qüvvələrlə əməkdaşlıq istiqamətində yeni formalar axtarırlar.
"Bu o demək deyil ki, MSƏM artıq öz missiyasını başa vurmaq üzrədir" sualımızı cavablandıran F.Quliyev deyib: "Belə deyil. Biz beş prinsip üzrə əməkdaşlıq edirdik. Bizim təşkilat başqa partiyalarla əməkdaşlıq edir. Xüsusilə də Dağlıq Qarabağ, ölkədə demokratikləşmə məsələlərində birgə əməkdaşlığı davam etdirəcəyik. Bəzi qüvvələr növbəti prezident seçkilərinə hazırlaşdığımızı, hansısa bloka qarşı yaranmağımızı qələmə verirlər. Amma bu, belə deyil. Sadəcə olaraq əməkdaşlığımızın əlaqələri zəifdir".
Onu da qeyd edək ki, neçə vaxtdır MSƏM Sədrlər Şurasının toplantıları keçirilmir.
Xatırladaq ki, MSƏM 2006-cı ildə AMİP (sədri Ayaz Rüstəmov), Ümid Partiyası (sədri millət vəkili İqbal Ağazadə), Tərəqqi Partiyası (sədri Çingiz Dəmiroğlu), Azərbaycan Milli Demokrat Partiyası (sədri İsgəndər Həmidov) və Milli Dirçəliş Hərəkatı (lideri Fərəc Quliyev) tərəfindən təsis olunub.