...

Zakir Qaralov: Teymuraz Əliyevlə və Tahir Xubanovla bağlı axtarış qüvvədədir

Siyasət Materials 30 Sentyabr 2006 11:54 (UTC +04:00)
Zakir Qaralov: Teymuraz Əliyevlə və Tahir Xubanovla bağlı axtarış qüvvədədir

"Monitor" jurnalının baş redaktoru Elmar Hüsenyovun qətli ilə əlaqədar Gürcüstan Respublikasının vətəndaşları Teymuraz Əliyevlə və Tahir Xubanovla bağlı beynəlxalq axtarış qüvvədədir. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın baş prokuroru Zakir Qaralov məlumat verib.

Z.Qaralov bildirib ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov məhkəmədə Elmar Hüseynovun qətlini Fərhad Əliyevin sifarişi ilə həyata keçirməsi barədə məlumat verəndən sonra, bəzi mətbuat orqanları Zakir Qaralovun çıxılmaz vəziyyətdə qalmasına dair materiallar nəşr etməkdə tələsiblər. "Yazırlar ki, baş prokuror özünü pis vəziyyətdə qoyub. Mən isə bəyan edirəm ki, həm Tahir Xubanovun, həm də Teymuraz Əliyevin "Monitor" jurnalının baş redaktorunun qətlində iştirakı beynəlxalq ekspertlərin rəyləri və iş materialları ilə təsdiq olunub. Tam açıqlama vermək tezdir, bununla bağlı istintaq tərəfindən mənə məruzə olunandan və mən müəyyən nəticələr əldə etdikdən sonra açıqlama verəcəyəm" - deyə baş prokuror bildirib.

Z.Qaralovun sözlərinə görə, Hacı Məmmədovun "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı məhkəmə qarşısında verdiyi bəyanatın MTN-də cinayət işinin istintaqı çərçivəsində tam yoxlanılması təmin edilib. "Hacı Məmmədov, həmçinin, onun istintaqa verdiyi ifadələrdə göstərilən şəxslər dindirilib. Hacı Məmmədovla keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin üzləşdirilməsi keçirilib, Hacı Məmmədov hadisə yerinə çıxarılıb və hazırda da digər istintaq hərəkətləri davam etdirilməkdədir. Müəyyən vaxt keçdikdən sonra istintaq qrupu tərəfindən ictimaiyyətə açıqlamalar olacaq" - deyə Z.Qaralov söyləyib.

Xəbər lenti

Xəbər lenti