...

ATƏT-in Minsk qrupu həmsədrləri yaxın zamanlarda Azərbaycan və Ermənistan XİN başçıları və prezidentlərinin görüşlərini təşkil etmək niyyətindədir

Siyasət Materials 2 Oktyabr 2006 19:43 (UTC +04:00)

ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi regionuna səfərində məqsəd Azərbaycan və Ermənistan arasında birbaşa əlaqələrin bərpasıdır. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 2-də Bakıda səfərin yekunlarına dair mətbuat konfransında ATƏT-in Minsk qrupu vasitəçilərinin özləri bildiriblər.

Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza söyləyib ki, yay fasiləsindən sonra həmsədrlərin fəaliyyətində yenidən intensivləşmə müşahidə olunur - son 3 həftə ərzində həmsədrlər Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla 3 dəfə görüşüblər. O, danışıqların səmimiyyətinə inandığını bildirib. Azərbaycanın işğal olunmuş Laçın və Kəlbəcər rayonlarının status məsələsinə toxunan diplomat qeyd edib ki, bu, sadə olmayan bir dilemmadır.

Rusiyalı həmsədr Yuri Merzlyakov isə əlavə edib ki, bu detallar hazırda xarici işlər nazirləri səviyyəsində müzakirə olunur. Amma əsas məsələ - birbaşa əlaqələrin bərpası Azərbaycanda yerinə yetirilib. Onun sözlərinə görə, həmsədrlər sabah Yerevana, daha sonra Dağlıq Qarabağa yola düşəcəklər ki, bundan sonra da keçirilməsi yaxın vaxtlara planlaşdırılan XİN başçılarının növbəti görüşünün yeri və tarixi açıqlanacaq. Bundan sonra prezidentlərin də görüşü gözlənilir.

Fransadan olan vasitəçi Bernar Fasye isə bildirib ki, Azərbaycan prezidenti ilə "açıq və təmiz" görüş keçirilib və bu qəbildən olan görüşlər münaqişənin həlli prosesinə yardım edir. O, prezidentlərin Rambuye və Buxarestdəki görüşlərindən sonra münaqişənin nizama salınmasının əsas pirsipləri üzrə elementlərin razılaşdırılmasının davam etdiyini bildirib. Amma yenə də bəzi mürəkkəb məsələlər qalır və gələn həftə keçiriləcək görüşlərdə məhz bu problemlərə baxılacaq, - deyə o əlavə edib. B. Fasye xüsusi olaraq vurğulayıb ki, həm Parisdə, həm Moskvada, həm də Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli olmadığı fikrindədirlər.

Bir qədər əvvəl Ermənistan XİN başçısı Vardan Oskanyanın danışıqlar formatının dəyişməsi ehtimalı ilə bağlı söylədiyi bəyanata toxunan həmsədrlər bildiriblər ki, bu, mümkün deyil. Dondurulmuş münaqişələr məsələsinin GUAM tərəfindən BMT-nin Baş Assambleyasına çıxarılmasına münasibət bildirərkən isə həmsədrlər deyiblər ki, problemin ən ədalətli və balanslaşdırılmış həlli ATƏT çərçivəsində mümkündür.

Xəbər lenti

Xəbər lenti