...

Avropa Şurasında Avropa Xatirə Mərkəzi və Etnik Təmizləmə qurbanlarına həsr olunmuş muzey yaradılacaq

Siyasət Materials 5 Oktyabr 2006 10:50 (UTC +04:00)
Avropa Şurasında Avropa Xatirə Mərkəzi və Etnik Təmizləmə qurbanlarına həsr olunmuş muzey yaradılacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının oktyabrın 5-də keçiriləcək iclasında Avropa Xatirə Mərkəzi və Etnik Təmizləmə qurbanlarına həsr olunmuş muzeyin yaradılması ilə bağlı məsələ müzakirə olunacaq. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynov bildirib.

R.Hüseynov qeyd edib ki, Avropa Xatirə Mərkəzi və Etnik Təmizləmə qurbanlarına həsr olunmuş muzeyin yaradılması ilə bağlı məruzə gündəliyə salınıb. Azərbaycan nümayəndə heyəti də bu müzakirələrdə iştirak edəcək: "Qeyd etmək istəyirəm ki, belə bir muzeyin yaradılması ilə bağlı məruzə ötən il gündəliyə salınmışdı. Biz də həmin müzakirələrdə iştirak edib, Azərbaycana qarşı aparılan etnik təmizləmələrin bu muzeydə əks etdirilməsi təklifini irəli sürmüşdük. Lakin o vaxt Türkiyə nümayəndə heyəti ilə Azərbaycan nümayəndə heyəti birgə müzakirələr apardı. Türkiyəli parlamentarilər bildirdilər ki, Ermənistan bu məsələdən sui-istifadə edərək qondarma soyqırımla bağlı faktların da bu muzeydə əks olunmasına cəhd edəcək. Ona görə də bu məsələnin gündəlikdən çıxarılması qərara alındı. Lakin görünür, yenə müəyyən qüvvələrin təsiri ilə bu məsələ gündəliyə salınıb".

Millət vəkili bildirib ki, sözügedən məsələ ilə bağlı qətnamə qəbul olunacaq: "Biz bu qətnamənin normal olmasına, həqiqi soyqrımları, həqiqi etnik təmizləmələri əks etdirən sənədlərin muzeydə əks olunmasına çalışacağıq".

R.Hüseynov onu da qeyd edib ki, həmin gün "Mətbuatda qaçqın probleminin həyata keçirilməsi" mövzusunda, bir sıra beynəlxalq konvensiyaların ratifikasiyası ilə bağlı aparılan müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti