...

Britaniya baronessası: Azərbaycandakı həbsxanalar keçid dövrünü yaşayır

Siyasət Materials 5 Oktyabr 2006 14:47 (UTC +04:00)

Azərbaycandakı həbsxanalar keçid dövrünü yaşayır. Trend xəbər verir ki, bu barədə bugünkü mətbuat konfransında Böyük Britaniya lordlar palatasının üzvü baronessa Vivyen Stern bəyan edib.

O qeyd edib ki, Azərbaycan Avropa Şurasının üzvüdür və təşkilatın bütün müddəalarını qəbul edib. Baronessa belə bir fikrə gəlib ki, Azərbaycanda sovet dövründən qalan sistem mövcuddur və həmin sistemə görə həbsxanalar cəzaçəkmə yeridir. Avropa sisteminə əsasən, həbsxanalar məhbusların reabilitasiya yeri olmalıdır. Baronessa hesab edir ki, keçmiş Sovet ittifaqı ölkələrindəki həbsxanalarda yalnız dustaqlarla münasibət dəyişməli deyil, həmçinin müşahidəçilərin dünyagörüşü kökündən dəyişdirilməlidir. V.Stern qeyd edib ki, Azərbaycanda bu proses gedir.

Baronessanın toxunduğu digər problem - məhbusların məşğuliyyətidir. Onun sözlərinə görə, bu problem yalnız Azərbaycana deyil, həm də bütün bölgə dövlətlərinə xasdır. V.Stern həbsxanalarda səhiyyə məsələsinə də toxunub. O qeyd edib ki, bu gün Azərbaycanın Ədliyyə və Səhiyyə Nazirliklərinin nümayəndələri ilə görüşlər keçirib və görüşdə onlar QİÇS və vərəm problemini müzakirə ediblər.

İntihar faktlarına gəlincə baronessa bildirib ki, Azərbaycanla müqayisədə Böyük Britaniyada bu göstəricilər çox yüksəkdir. Böyük Britaniyada 78 min məhbus var. Hər il 100 intihar faktı qeydə alınır ki, bu da çox yüksək göstəricidir. Təxminən 100 intiharın qarşısı alınır. Bu çox vaxt məhbusların arasında xəstəxanada müalicə almalı olan çoxlu sayda ruhi xəstənin olması ilə bağlıdır.

Azərbaycanda ömürlük məhkum edilmişlərin saxlandığı yerlərə dair məsələyə gəlincə, o qeyd edib ki, həmin yerlər Britaniyada mövcud olan sistemdən fərqlənir. Azərbaycanda onlar bir yerdə -Qobustan həbsxanasında toplanıb. Britaniyada ömürlük məhkum edilmiş şəxslər bütün həbsxanalarda yerləşdirilib.

Mətbuat konfransında iştirak edən Edinburq həbsxanasının direktoru Devid Kroft Azərbaycan və Böyük Britaniyanın həbs cəzası sistemləri arasındakı fərq haqqında danışarkən qeyd edib ki, onlarda bir kamerada cəmi 2 məhbus olur, Azərbaycanda isə onların sayı xeyli çoxdur. Britaniyada hökümət məhbusların məşğulluğunu təmin edir. Bundan əlavə, istintaq təcridxanalarında saxlananların şəraiti digər həbsxanalardan fərqlənmir. Azərbaycanı Böyük Britaniyadan fərqləndirən həbs cəzası sisteminin müsbət xüsusiyyətləri barədə danışarkən, D.Kroft qeyd edib ki, Azərbaycanda məhbuslara ailələri ilə görüşmək üçün şərait yaradılır və burada narkotiklərdən qanunsuz istifadə səviyyəsi Britaniyada olduğundan azdır.

Nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Con Smit adına Fondun prezident müavini Coanna Lamb Fondun proqramı haqqında məlumat verib. O, 25-35 yaşlı azərbaycanlıları təşkilatla əməkdaşlığa dəvət edib. O əlavə edib ki, Azərbaycandan 3 nəfər Britaniyada 5 həftəlik kurslar keçəcək və Britaniya demokratiyasının dəyərləri haqqında məlumat əldə edə biləcəklər. Və yalnız bu il Azərbaycandan 1 nəfər C.Smit proqramı çərçivəsində Britaniyaya dəvət olunacaq və həmin namizəd yollarda təhlükəsizlik sahəsində çalışmalıdır.

Xəbər lenti

Xəbər lenti