...

MTN narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dəstəni zərərsizləşdirib

Siyasət Materials 11 Oktyabr 2006 16:15 (UTC +04:00)

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan transmilli mütəşəkkil dəstə zərərsizləşdirib. Bu barədə Trend ə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən məlumat verilib.

Belə ki, Bakı şəhər sakini Nəzərov Qadir Əmiraslan oğlu və onun qardaşı, Cəlilabad rayon sakini Nəzərov Maqsud Əmiraslan oğlu Bakı şəhəri ərazisində saxlanılıb, baxış zamanı onlara məxsus çantadan 19 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.

Məlum olub ki, Qadir Nəzərov həmin narkotik vasitəni hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran İslam Respublikasının vətəndaşına sifariş edib. Qardaşı Maqsud Nəzərovu isə sifariş olunmuş narkotik vasitəni qəbul edib Bakıya gətirmək üçün Cəlilabad rayonuna göndərib. M.Nəzərov İran-Azərbaycan dövlət sərhədinin Cəlilabad rayonu istiqamətində qaçaq yolla gətirilmiş narkotik vasitəni İran vətəndaşından qəbul edərək Bakıya qayıdıb. Elə həmin gun o, Qadir Nəzərovla görüşüb və onlar birlikdə sonuncunun yaşadığı mənzilə daxil olarkən yaxalanıblar.

Faktla əlaqədar MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti