ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşməsi təklifi ilə Səfər Əbiyevə müraciət etməyib. Bu barədə Trend ə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov məlumat verib.
R.Məlikov bildirib ki, Kaspşik belə bir təkliflə kütləvi informasiya vasitələrində çıxış etsə də, hələlik təklif barədə Müdafiə Nazirliyinə rəsmi müraciət olunmayıb.
Qeyd edək ki, Anjey Kaspşik "Azadlıq" radiosuna verdiyi müsahibəsində bildirib ki, son vaxtlar atəşkəsin pozulması nəticəsində həm Ermənistan, həm də Azərbaycan tərəfdən zərərçəkənlər və itkilər olur. Buna görə də o, hər iki ölkənin müdafiə nazirlərinin görüşünü təşkil etmək və bu yolla atəşkəsi möhkəmləndirmək fikrindədir.