Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri postuna iddiam yoxdur. Bu barədə Trend ə adıçəkilən partiya sədrinin müavini Qabil Hüseynli bildirib.
Q.Hüseynlinin sözlərinə görə, Mərkəzi İcra Aparatının strukturu əsasnamə ilə tənzimlənəcək. Əsasnamə isə partiyanın Divanı və yaxud da Məclisində müzakirə olunacaq. Q.Hüseynli partiya sədrinin belə bir aparatın yaradılması ilə bağlı sərəncam verdiyini bildirib: "Aparatın detalları partiyanın Divanında müzakirə olunacaq".
Başqan müavini Mərkəzi İcra Aparatı rəhbərinin tutduğu vəzifəsinə görə partiyada neçənci şəxs ola biləcəyini də təxmini müəyyənləşdirib: "Bu çox çətindir. Amma hər halda müavinlərdən üstün səlahiyyətə malik olacaq". Q.Hüseynli onu da vurğulayıb ki, Mərkəzi İcra Aparatı rəhbərliyinə namizəd partiya sədri tərəfindən irəli sürülür Məclisdə isə təsdiqlənir. Q.Hüseynli onu da bildirib ki, açıq şəkildə bu posta iddialı olanlara rast gəlməyib: "Şəxsən mənim də o posta iddiam yoxdur".
Qeyd edək ki, partiyanın əsasnaməsində Mərkəzi İcra Aparatının tərkibində təşkilat, seçki, ümumi işlər departamentləri, hüquq, kargüzarlıq, təsərrüfat, maliyyə və xaricdə yaşayan müsavatçılarla iş şöbələrinin fəaliyyət göstərməsi planlaşdırılıb. Əsasnamədə o da göstərilib ki, Mərkəzi İcra Aparatı rəhbərinin funksiyası partiyanın nizamnaməsinə əsasən sərəncamla başqan müavinlərindən birinə həvalə oluna bilər.
Müxalif Müsavat Partiyası 1992-ci ildə eks-spiker İsa Qəmbərin təşəbbüsü və sədrliyi ilə yaradılıb. Partiyanın sonuncu qurultayında İ.Qəmbər yenidən başqan seçilib. Müsavat Partiyası parlamentdə 5 deputatla təmsil olunur.