...

Hacıağa Nuri: "Azərbaycanda fəaliyyət göstərən islam təşkilatlarının vahid mərkəzdən koordinasiya olunması vacibdir"

Siyasət Materials 26 Oktyabr 2006 14:24 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən islami təşkilatların vahid mərkəzdən koordinasiya olunması vacibdir. Bu barədə Trend ə Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacıağa Nuri bildirib.

AİP sədri əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən islami təşkilat və partiyaların vahid mərkəzdən idarə olunması məsələsi ağırdır: "Bu mütləq lazımdır. Amma bu gün bu proses Azərbaycanda getmir. Millətimizdə birləşmək məsələsi heç cürə alınmır. İnadkarlıq, şəxsi iddialar, ambisiyalar buna mane olur".

H.Nuri qeyd edib ki, milli mənəvi dəyərlərə xidmət edən QHT və islami partiyaların fəaliyyəti onu göstərir ki, Azərbaycan xalqı milli dəyərlərini zaman-zaman, nəsildən-nəsilə ötürməklə qoruyur: "Mən onların fəaliyyətini millətimiz üçün yararlı hesab edirəm. Vəhabi təriqətini çıxmaq şərtilə xalqımız, millətimiz onların fəaliyyətindən ziyan çəkməyib".

AİP sədri onu da vurğulayıb ki, Azərbaycanda islamla əlaqədar çatışmayan cəhətlər də var: "Bu da islamın əsas elmi mahiyyətini öyrənən mədrəsələrin olmamasıdır. Bir vaxtlar Masallı, Göyçay, Nardaran, Cəlilabadda fəaliyyət göstərən mədrəsələr indi qapadılıb". Partiya sədri onu da bildirib ki, dövlət başçısı tərəfindən milli mənəvi və islami dəyərlərə göstərilən diqqət hamıya nümunə olmalıdır: "Ancaq əfsuslar olsun ki, bir sıra səlahiyyətli şəxslər islami partiyaların fəaliyyətinə qadağanın qoyulması təklifi ilə çıxışlar edirlər. Bu isə Azərbaycanın islam dünyasındakı nüfuzuna böyük xələl gətirə bilər".

H.Nuri onu da bildirib ki, Azərbaycanda Qərb mədəniyyətinin geniş yayılması, müxtəlif səpkili teleserialların nümayişinin yeniyetmələrin tərbiyəsinə təsiri millətin faciəsi hesab olunmalıdır: "Ona görə də islami təşkilatların fəaliyyəti və getdikcə milli mənəvi dəyərlərə qayıtması millətimiz və dövlətimizin möhkəmlənməsinə xidmət edir".

AİP 1991-ci ilin avqustunda təsis olunub, 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiya 1995-ci il parlament seçkilərində təkrar qeydiyyata alınmayıb.

Xəbər lenti

Xəbər lenti