Rusiyada, qərb ölkələrində olduğu kimi, ticarətdə öz vətəndaşlarına prioritet verən analoji qanun və normalar olmalıdır. Bu barədə Federasiya Şurasının üzvü, Federasiya Şurası Komitəsinin MDB işləri üzrə sədr müavini Andrey Nelidov RF hökümətinin 1 aprel 2007-ci il tarixindən RF ərazisində xarici vətəndaşlara pərakəndə satışla məşğul olmasına qadağanın qoyulması haqqında qətnaməsini şərh edərkən Trend in xüsusi müxbirinə eksklüziv olaraq məlumat verib.
"İqtisadiyyatın buna heç bir aidiyyatı yoxdur. İstənilən ölkədə qanun və yerli əhali, həmin ölkənin əhalisi üçün prioritet mövcuddur. Hətta ən çox bazarı olan ölkədə - Türkiyədə ölkənin bazar və mağazalarında ticarətlə məşğul olmaq istəyən başqa ölkələrin vətəndaşları üçün məhdudiyyətlər var. Və bu, tamamilə normaldır", - deyə A.Nelidov hesab edir.
A.Nelidov əlavə edib ki, adətən diqqətli və ağıllı adamlar işlədikləri bazarın olduğu ölkədə mövcud qaydalara uyğun işləməyə və yaşamağa başlayırlar. "Nə üçün Rusiya bazarlarında ticarət etmək üçün gələnlər öz qaydaları ilə gəlir, özlərinin gətirdiyi fikir və münasibətləri müştəriyə qəbul etdirməyə çalışırlar? Münaqişə məhz bundan yaranır. Əgər sən başqasının evinə gəlmisənsə, insanları incitməmək üçün orada hansı prinsiplərin olduğunu öyrən. Təəssüf ki, hələ bizim bazarlara gələn insanlarda belə mədəniyyət yoxdur. Biz bunun uğrunda mübarizə aparırıq və hesab edirik ki, həm qanunlar, həm də mənəvi maneələr nəzərə alınmalıdır", - deyə senator qeyd edib.