...

Azərbaycanda iş günü olmayan bayramlarla bağlı Əmək Məcəlləsinə dəyişiklik edildi

Siyasət Materials 8 Dekabr 2006 13:57 (UTC +04:00)

Dekabrın 8-də Milli Məclisin növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda Azərbaycanda iş günü olmayan bayramlarla bağlı Əmək Məcəlləsinə dəyişiklik edili.

Spiker Oqtay Əsədov təklif edib ki, Əmək Məcəlləsində dəyişiklik edilməsi məsələsi gündəliyə salınsın. Lakin bu, müxalifətçi millət vəkillərinin narazalığına səbəb olub. Səsvermə yolu ilə məsələ gündəliyə daxil edildikdən sonra Əmək Məcəlləsində dəyişiklik eilməsi təklifi müzakirəyə çıxarılıb. Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumat verən Milli Məclisin sosial-siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, bu məsələ onun rəhbərlik etdiyi komissiya və hüquq siyasəti komissiyasının birgə iclasında müzakirə olunub. H.Rəcəbli əlavə edib ki, Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən, bəzi bayramların daha uzun müddətə qeyd olunması və bəzi bayram günlərinin isə iş günü elan edilməsi nəzərdə tutulub: "Dəyişikliklərin məqsədi odur ki, milli-mənəvi dəyərlərlə bağlı olan bayramlar daha geniş və uzun müddətə qeyd olunsun. Bu zaman dövlət büdcəsinin maliyyə imkanları və dünya təcrübəsi nəzərə alınıb".

Dəyişikliklərə əsasən, Novruz bayramı 5 gün, Qurban bayramı isə 2 gün qeyd olunacaq. İstirahət günü hesab edilməyən bayramlar siyahısına isə 18 oktyabr - Müstəqillik Günü, 12 Noyabr- Konstitusiya Günü və 17 Noyabr - Dirçəliş Günü daxil edilib. Həmin bayramlar bundan sonra is günü sayılacaq.

H.Rəcəblinin çıxışı bitdikdən sonra məsələ ətrafında müzakirələrə başlayıb. Müxalifəti təmsil edən deputatlardan İqbal Ağazadə, Pənah Hüseyn, Arzu Səmədbəyli, Aynur Quliyeva çıxış edərək bu dəyişkliklərin qəbul edilməsinin yolverilməz olduğunu vurğulayıblar. Onların fikrincə, bu dəyişikliklər siyasi xarakter daşıyır. Müxalifətçi deputatlara millət vəkilləri Siyavuş Novruzov, Aydın Mirzəzadə, Musa Quliyev və vitse-spiker Bahar Muradova cavab verərək qeyd ediblər ki, Əmək Məcəlləsində edilən dəyişikliklər siyasi mahiyyət daşımır.

Milli Məclisin sədri Oqtay Əsədov məsələyə aydınlıq gətirərək bildirib ki, Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, bayram günləri ləğv edilmir, sadəcə həmin günlər iş günü sayılacaq. Uzun müzakirələrdən sonra məcəllədə nəzərdə tutulan dəyişikliklər qəbul olunub.

Xəbər lenti

Xəbər lenti