...

Nazir: "Şahdəniz" qazının Azərbaycan, Türkiyə və Gürcüstan arasında yenidən bölüşdürülməsinə dair ilkin razılıq əldə olunub"

Siyasət Materials 12 Dekabr 2006 13:15 (UTC +04:00)
Nazir: "Şahdəniz" qazının Azərbaycan, Türkiyə və Gürcüstan arasında yenidən bölüşdürülməsinə dair ilkin razılıq əldə olunub"

Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan qaz Azərbaycan, Gürcüstan və Türkiyə arasında yenidən bölünəcək. Bu barədə jurnalistlərə sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

N.Əliyev qeyd edib ki, hələ iyul ayında Azərbaycanın enerji təminatı məsələsi müzakirə olunan zaman prezident İlham Əliyev "Şahdəniz" yatağından çıxarılan qazın yenidən bölüşdürülməsi məsələsinə baxılması haqda göstəriş vermişdi.

"Son zamanlar baş verən proseslərə görə çox güman ki, Azərbaycan Rusiyadan qaz almayacaq. Çünkü Rusiya mavi yanacağın qiymətini qaldırıb. Eyni zamanda bizim Rusiyadan aldığımız qazın həcmi də böyük deyil. Gürcüstan da çətin vəziyyətə düşüb. Ona görə də Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin təşübbüsü oldu ki, üç ölkənin energetika nazirləri görüşsünlər. Əsas məsələ odur ki, "Şahdəniz" qazının həm Azərbaycana, həm Gürcüstan və Türkiyəyə, həm də Avropaya xeyri olsun."

Azərbaycan, Gürcüstan və Türkiyənin energetika nazirlərinin Tbilisidə keçirilən görüşü barədə məlumat verən N.Əliyev vurğulayıb ki, danışıqlar nəticəsində "Şahdəniz" yatağından çıxarılan qazın bölüşdürülməsi haqda razılıq əldə olunub.

"Qərara gəldik ki, "Şahdəniz" yatağından çıxarılan və Türkiyəyə çatdırılması nəzərdə tutulan 3 milyard kummetr qaz Azərbaycan, Türkiyə və Gürcüstan arasında bölünsün."

Nazir bildirib ki, qazın üç ölkə arasında hansı həcmdə bölünməsi məsələsi ilkin olaraq məlumdur. Lakin bu barədə tam razılıq əldə olunmadığına və saziş imzalanmadığına görə bunu açıqlamaq istəmir. "Amma şifahi olsa da, razılıq əldə olunub."

N.Əliyev qeyd edib ki, bu qışı problemsiz başa vurmaq üçün Azərbaycana

1,3 milyard kubmetr, Gürcüstana təxminən 0,8 milyard kubmetr qaz lazımdır.

"Qazın qalan hissəsi isə Türkiyəyə nəql olunacaq. Çalışacağıq ki, Türkiyə həmin qazdan Yunanıstana da satsın. Burada dörd məsələ var: Azərbaycanın tələbatını ödəmək, Gürcüstana kömək etmək, Türkiyəyə qaz idxal etmək və Türkiyə ərazisi ilə Yunanıstana qaz vermək."

Xəbər lenti

Xəbər lenti