...

Politoloq Eldar Namazov: "Mən əminəm ki, müxalifətin yeniləşməsi qaçılmaz bir prosesdir"

Siyasət Materials 8 Fevral 2007 15:10 (UTC +04:00)
Politoloq Eldar Namazov: "Mən  əminəm ki, müxalifətin yeniləşməsi qaçılmaz bir prosesdir"

"Azərbaycan Naminə" İctimai Forumun prezidenti, politoloq Eldar Namazovun Trend ə ekskülziv müsahibəsi

- May ayında Ermənistanda keçiriləcək parlament seçkilərində hər hansı bir dəyişikliyin baş vermə etimalı varmı? Bu ölkədə elə bir qüvvələr varmı ki, onların hakimiyyətə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara müsbət təsir göstərsin?

- Hazırda Ermənistanda kifayət qədər maraqlı proseslər gedir. Bu seçkilərdə şərti olaraq Rusiyapərəst və Qərbə meyilli olan siyasi qüvvələr adlandırılan qüvvələr arasında mübarizənin gedəcəyi gözlənilir. Ermənistanda indiyə qədər Rusiyapərəst qüvvələr hökmüranlıq edirdilər və onlar rəqiblərindən daha güclü görünürlər. Sadəcə olaraq, son illər Avropaya meyilli müəyyən qüvvələr də formalaşıb. Bu xususən də parlamentin sədirini bəyanatlar səsləndirməklə istefa verib müxalifətə keçməsində özünü göstərdi. Bu mübarizə çox maraqlı olacaq. Bu mübarizədə kimin qalib gəlməsindən asılı olaraq bunun nəticəsi həm Dağlıq Qarabağ münaqişəsinin həllində, həm də bölgədə gedən proseslərdə özünü gösətərə bilər.

- Bir neçə gün əvvəl ADP radikal siyasi xəttdən imtina etmək haqqında qərar qəbul edib. Bu qərarı necə qi ymətləndirirsiz?

- Hələlik ADP-in bu qərarının mahiyyətinin nədən ibarət olduğu tam aydın deyil. Həttda ADP-nin "Azadlıq" blokundakı müttəfiqləri də bu qərarın mahiyyətini tam bilmədiklərini açıqlayıblar. Ona görə də bu barədə konkret fikir söyləmək çətindir.
ADP-nin qərarının iki tərəfi var: birincisi, müxalifət partiyası kimi hakimiyyətlə dialoq aparmaq məsələsidir ki, heç kim bunun əleyhinə çıxmır. İkincisi isə iqtidarla əməkdaşlıq məsələsidir və bu heç də müsbət qarşılanmır.

- ADP Ali Məclisinin qərarında deyilir ki, indiyə qədər həyata keçirilən radikal siyasət heç bir nəticə verməyib və ona görə də partiya bundan sonra konstutuktiv mövqe tutacaq. Müxalifətin üzləşdiyi indiki vəziyyəti bu düşərgənin radikal olması ilə bağlamaq nə dərəcədə doğrudur?

- Son illər doğurdan da Azərbaycan siyasətində radikallıq olub. Bu radikallıq həm müxalifət, həm də iqtidar tərəfindən nümayiş etdirilib. Müxalifət düşərgəsində uzun müddətdir ki, yorğan davası gedir. Kim daha çox radikaldır, hansı partiya mitinqə daha çox adam çıxardı və sair. Bu kimi məsələlər uzun müddətdir ki, müxalifət qüvvələri arasında ciddi mübahisə predmetinə çevrilib.
Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanda bir çox hallarda dünyada qəbul olunmuş siyasi anlayışları da əks mənada istifadə edirlər. Nəticədə bir çox anlayışlar da öz həqiqi mənalarını itirməyə başlayıb. Ona görə də mən konsturuktivlik anlayışına da ehtiyatla yanaşıram. Çünki bu anlayışın arxasında bir çox hallarda iqtidarın müəyyənləşdirdiyi çərçivədə cib müxalifəti rolunu oynamaq fikri dayanır. Mən əminəm ki, belə "konsturuktivlik" nə Azərbaycan xalqına, nə də cəmiyyətinə lazımdır.

- Hər halda ADP müxalifətin aparıcı partiyalarından biri hesab olunurdu. Demokratların bu addımını müxalifətə zərbə hesab etmək olarmı?

- Mən hesab edirəm ki, bu qərar müxalifət düşərgəsində ciddi transformasiyaların başlanmasına rəvac verəcək. Hələ bilmək olmaz ki, bu dəyişikliklərin sonu necə olacaq. Amma mən əminəm ki, biz müxalifət düşərgəsinin transformasiyası prosesinin ilkin mərhələsindəyik. Ümumiyyətlə, təkcə bu qərar deyil, 2005-ci ilin parlament seçkilərindən sonra verilən bir çox qərarlar və bəyanatlar özünü doğrultmadı. Parlament seçkiləri başa çatan kimi "Azadlıq" bloku bəyan etdi ki, biz ən radikal, ana müxalifətik və seçkilərin nəticələrini dəyişmək uğurunda mübarizə aparırıq, Baxmayaraq ki, seçkilərin nəticəsini dəyişməyin mümkün olmadığı artıq məlum idi. Bu qeyri-real bir şüar idi. Ancaq bu şüar altında hardasa yarım il müəyyən bir görüntülər yaradırdılar və cəmiyyətdə illüzyalar formalaşdırırdılar. Bu illüzyalarda həmişə olduğu kimi özünü doğrultmadı.
Bundan sonra "Azadlıq" bloku tərəfindən 180 dərəcə fərqli bir mövqe nümayiş etdirildi ki, müxalifət fəaliyyətini dayandırmalıdır. Ona görə ki, proseslərə təsir göstərmək imkanlarımız yoxdur və fəaliyyətimizi dondurmaqla buna etirazımızı bildirək. Bu mövqelər isə bir-birindən radikal şəkildə fərqlənir. İndi üçüncü mövqe ortalığa çıxıb. Bu mövqe də hələlik tam aydın deyil. Burada iki məsələ- iqtidarla dialoq və hakimiyyətin apardığı siyasəti müsbət qiymətləndirərək onunla əməkdaşlığa getmək məsələsi bir-birinə qarışdırılır. Bunlar fərqli məsələlərdir. Ona görə də hesab edirəm ki, bu mənzərə dünən, bu gün və ya ADP-nin qərarından sonra yaranmayıb. Bu proses artıq 2005-ci ilin axırlarından gedir. Güman edirəm ki, bu proses nəticəsində Azərbaycanın müxalifət düşərgəsində çox ciddi transformasiyalar olacaq.

- Bu proses nəticəsində müxalifət düşərgəsində yeni qüvvələrin meydana çıxmaq şansları varmı? Ümumiyyətlə müxalifətin yeniləşməsi nə qədər zəruri və realdır?

- Mən əminəm ki, müxalifətin yeniləşməsi qaçılmaz bir prosesdir. Eyni zamanda bu təbii bir prosesdir. Əgər hansısa qüvvələr on ilə yaxındır ki, siyasi səhnədə mövcuddurlarsa və onların qarşısında duran məqsədlərə çatmaq mümkün olmursa, təbii ki, burada yeniliklər olmalıdır. Mən əminəm ki, bu yeniliklər olacaq. Bu sadəcə, indiki klassik müxalifət düşərgəsi ilə bağlı deyil. Cəmiyyətin özündə dəyişikliklər olacaq. Azərbaycanda əmək hüquqlarının müdafiəsi ənənəsi formalaşacaq və bu günə qədər belə bir ənənə yoxdur. Müstəqil Azərbaycanda nə müstəqil Həmkarlar İttifaqı, nə güclü sol mərkəzçi partiyalar mövcud deyil. Hansı ki, əhalinin sosial durumu sol mərkəzçi partiyaların güclü olmasını tələb edir. Bu boşluq mütləq doldurulacaq.
İkincisi, Azərbaycanda yavaş-yavaş sahibkarlar sinifi yaranırdı. Amma hakimiyyət tərəfindən sahibkarlar sinifinə çox böyük zərbələr dəyib. Onların fəaliyyətinə zərbə vuran qərarlar qəbul olunub. Ona görə də azad sahibkarların maraqlarını müdafiə edən siyasi qüvvələr meydana çıxmalıdır və bu da gözlənilən bir haldır. Azərbaycanda sosial durumun bu formada pisləşməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişin olmaması ölkədə milli və vətənpərvərlik şüarları əsasında formalaşan siyasi qüvvələrin də yaranmasını zərurətə çevirib və bu gözlənilən haldır.
Nəhayət, Azərbaycanda son zamanlar islam dini amili güclənir. Ölkədə siyasi islam amilinin müəyyən təzahürləri görsənməkdədir. Eyni zamanda bunu iki hissəyə bölmək mümkündür. Bunlardan birincisi, Azərbaycanın demokratik dövlət quruluşunu qəbul edən və Türkiyə ilə müqayisə aparsaq Rəcəb Tayyub Ərdoğanın rəhbərlik etdiyi partiya kimi demokratik prosesləri və Konstitutsiyanı qəbul edən qüvvələrdir. İkincisi isə hazırkı dövlət quruluşunu dəyişmək istəyən və dünyəvi dövlət prinsipini rədd edən siyasi islam qüvvələridir. Hər iki tendensiya Azərbaycanda mövcuddur.
Göründüyü kimi Azərbaycanda yeni qüvvələrin meydana çıxması və formalaşması üçün Azərbaycan cəmiyyətində nə qədər aktual və obyektiv səbəbələr var.

- İndiki müxalifət qüvvələrinin bir araya gəlməsi etimalı varmı və bu mümkündürmü? Bu günə qədər bunun baş verməməsinin səbəbləri nədir?

- Əvvala, qeyd etməliyəm ki, bu arzu olunan bir məsələdir. Bu cəmiyyət və millətə lazım olan bir məsələdir ki, müxalifət partiyaları bir araya gəlib seçkilərdə vahid platforma və namizədlə iştirak etsinlər. Ancaq son illərdə baş verənlərə nəzər salsaq məlum olar ki, bu, indiyə qədər baş tutmayıbsa, bundan sonra da çətin ki, alınsın. Şərti olaraq müxalifətin radikal qanadı dedikdə Müsavat Partiyası və "Azadlıq" bloku nəzərdə tutulurdu. Ancaq əvvəlcə Müsavat parlamentin işində iştirak etmək haqqında qərar qəbul etdi və hesab edirəm ki, bu düzgün qərar idi. O zaman "Azadlıq" bloku Müsavatı ittiham edirdi ki, müsavatçılar iqtidarın oyunuda iştirak edirlər. Bu ittihamlar bu gün də davam edir. Artıq "Azadlıq" blokunun özünün daxilində iqtidarla əməkdaşlıq haqqında fikirlər səsləndirilir. İndi isə Müsavat Partiyası bəyanat verir ki, "Azadlıq" blokunun mövqeyini başa düşmürük.
Təbii ki, belə bir mənzərənin yaranması demokratik qüvvələrə böyük zərbədir. Artıq hiss olunur ki, qarşılıqlı ittihamlara son qoymaq lazımdır. Çünki bunun mənası yoxdur. Qarşılıqlı ittihamlar həm Müsavatı, həm də "Azadlıq" blokunu, bütövlükdə müxalifət düşərgəsini zəiflədir. Ancaq hesab edirəm ki, burada ən ciddi problem şəxsi ambisiyalarla bağlıdır və problemin kökü şəxsi münasibətlərdə, liderlərin bir-birinə qarşı formalaşmış hansısa münasibətlərindən gedir. Ona görə ki, belə vəziyyətin yaranmasının başqa ciddi əsaslarını görmürəm.
Bu isə Azərbaycanın maraqlarına və ümumi işimizə zərbə vuran bir amildir. Belə bir vəziyyəti nə vaxt aradan qaldırmaq mümkün olacaq məsələsinə gəlincə, bu haqda qərarı həmin şəxslər verməlidirlər. Qarşılıqlı ittihamları davam etdirmək heç kimə müsbət nəticə vəd etmir.

- Sizin də həmtəsisçisi olduğunuz "Yeni Siyasət" blokunun formalaşdırılması prosesi nə vaxt başa çatacaq. Ümumiyyətlə seçki bloku kimi yaralılan "Yeni Siyasət"i siyasi bloka çevirmək mümkün olacaqmı?

- Mən bu məsələyə tam olaraq aydınlıq gətirmək istəyirəm. Əvvəla, biz 2005-ci ilin parlament seçkilərindən sonra Azərbaycan qununvericiliyinə uyğun olaraq seçki blokunun fəaliyyətinə xitam verdik. Bundan sonra bizim siyasi fəaliyyətimizi birgə qurmaq haqqında qərarımız oldu. Bunun üçün müəyyən bir işçi qrup yaradıldı və işçi qrupuna tapşırıldı ki, seçkilərdən sonrakı mərhələdə işimizi necə və hansı formada qurmaq haqqında təkliflər hazırlasın. İşçi qrup belə bir araşdırma apardı və təkliflər hazırladı. Blokun Koordinasiya Şurasının üzvləri də həmin təklifləri müzakirə edib, prinsipcə bunu bəyəndilər. Bu bir müddət əvvəl baş verib və demək olar ki, həmin dövrdə də biz hansısa yeni bir formatı elan etməyə hazır idik. Ondan sonra müzakirələr apardıq və qərara gəldik ki, tələsmək lazım deyil. Mənim özüm də buna tərəfdar olmuşam. Ona görə ki, keçmiş blokda təmsil olunan və indi Koordinasiya Şurasının üzvləri olan insanlar arasında hansısa ciddi fikir ayrılığı yoxdur və birgə fəaliyyət göstərmək haqqında bizim ümumi rəyimiz var idi. Şəxsən mən hesab edirdim ki, ölkədə gedən proseslərə bir aydınlıq gətirilməlidir. Seçkilərdən sonra hakimiyyət hansı mövqedən çıxış edəcək, müxalifət düşərgəsində nələr baş verəcək, Azərbaycanın daxili və beynəlxalq durumu necə olacaq və digər məsələlərə aydınlıq gətirilməli idi ki, biz də bu amillərə arxalanıb düzgün qərar qəbul edək. Mənim mövqeyim ondan ibarətdir ki, qərar bir qədər gec verilsin, amma düzgün olsun. Biz görürdük ki, Azərbaycanda bir çox hallarda tələsik siyasi qərarlar qəbul edirlər, görüntü xarakaterli qurumlar yaradırlar və sair. Ona görə də biz bu məsələlərə ciddi yanaşdığımıza görə qərara gəldik ki, bir müddət gözləyək və proseslərə aydınlıq gətirilsin, Bundan sonra isə biz bir qərara gələk və onu rəsmən elan edək. Bir müddət gözləməyin tərəfdarı olan və vaxt ilə belə bir təkliflə çıxış edən insan kimi hesab edirəm ki, artıq siyasi mənzərə kifəyət qədər aydınlaşır. Yəqin ki, biz yaxın günlərdə, fevralın birinci ongünlüyündə bir araya gəlib bütün bu məsələlərə aydınlıq gətirəcəyik.

Xəbər lenti

Xəbər lenti