...

Səfir köməkçisi: Azərbaycan və Almaniya yüksək səviyyədə birgə sənəd imzalayacaqlar

Siyasət Materials 13 Fevral 2007 13:52 (UTC +04:00)

Trend in Almaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin köməkçisi Hans-Yozef Overlə (Hans-Josef Over) müsahibəsi

- Fevralın 14-16-da Azərbaycan prezidentinin Almaniyaya rəsmi səfəri zamanı yüksək səviyyədə keçiriləcək danışıqların gündəliyinə hansı məsələlər daxil ediləcək? Danışıqların yekununda hansı ikitərəfli sənədlər imzalanacaq?

- Görüşlərdə müzakirə olunacaq başlıca mövzular arasında energetika sahəsində əməkdaşlıq olacaq. Bildiyiniz kimi, Azərbaycan Avropaya əsas enerji tədarükçülərindən biridir. Həmçinin iqtisadiyyatın müasirləşdirilməsi və müxtəlifləşdirilməsində Azərbaycanın dəstəyi müzakirə olunacaq. Mənə məlum olduğu kimi, Credit Guarantee Founds adlanan birgə sənədin yüksək səviyyədə imzalanacağı gözlənilir.

- Ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlıq hansı səviyyədədir və Sizin fikrinizcə, onun hansı sahələri daha prioritetdir?

- Son illər ərzində ikitərəfli ticarət sahəsində böyük tərəqqinin olduğu hiss olunur. Məsələn, əgər 2004-cü ildə ikitərəfli ticarətin həcmi çətinliklə 400 mln. avroya çatırdısa, keçən il bu həcm 1 mlrd. avro həddini keçib.
İndi Azərbaycanda ixraca böyük tendensiya müşahidə olunur, Azərbaycan Almaniyaya idxaldan daha çox ixrac edir. 2006-cı ildə Azərbaycan 568 mln. avro məbləğində mal ixrac edib, Almaniya isə Azərbaycana 447 mln. avro həcmində mal ixrac edib. Azərbaycandan əsasən neft və neft məhsulları, Almaniyadan isə - avtomobillər, ehtiyat hissələri, kənd təsərrüfatı məhsulları, ərzaq və s. tədarük olunur.

- Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Almaniya hökumətlərarası komissiyanın yaradılması üzrə işlər görülürmü?

- Gələcəkdə biz, yəqin ki, yüksək səviyyədə İqtisadi forum adlanacaq orqan yaratmaq istəyirik, bundan başqa, əlbəttə ki, nümayəndə heyəti mütəmadi olaraq görüşəcək.

- Siz Almaniya və Azərbaycanın energetika sahəsində əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz? Bu əməkdaşlığın hansı perspektiv istiqamətlərini qeyd etmək olar?

- Bir neçə sahə mövcuddur ki, onların çərçivəsində xüsusi sıx əməkdaşlıq gedir, məsələn, bunlar - hasilat sektoru, neft və qaz yataqlarının kəşfiyyatıdır. Bununla yanaşı, ARDNŞ və Almaniya şirkətləri arasında danışıqlar gedir.
Hazırda diversifikasiya siyasətində, qida sənayesində, kənd təsərrüfatında Azərbaycana yardım etmək istəyən çoxlu alman şirkətləri var.
Bildiyimə görə, Azərbaycan prezidenti ilə birgə Almaniyaya təxminən 40 iş adamı gedəcək və onlar fevralın 16-na planlaşdırılmış Almaniya- Azərbaycan forumunda iştirak edəcəklər. Məncə, bu iş adamları forumda qida emalı, kimya sənayesi və s. kimi konkret layihələrlə çıxış etmək istəyirlər.

- Almaniyanın Wintershall və BASF şirkətləri Azərbaycanla energetika sahəsində əməkdaşlığı bərpa etməyi planlaşdırırdılar. Bu məsələnin həlli hansı mərhələdədir?

- Wintershall və BASF müxtəlif şirkətlər olsalar da, onlardan birincisi BASF konserninin törəmə şirkətidir. Wintershall ARDNŞ-lə əməkdaşlıq edən yeganə alman şirkəti deyil, ən azı daha iki başqa şirkət də var ki, onlar əsasən energetika sahəsində münasibətlər qurmağa çalışırlar. Düşünürəm ki, bir neçə aydan sonra biz nəticələri hiss edəcəyik.

- Qeyri-leqal azərbaycanlı miqrantların məsələsinin həlli üçün hansı tədbirlər görülür?

- Artıq bir neçə ildir ki, biz bu məsələ ilə bağlı danışıqları davam etdiririk. Hər iki ölkə hökuməti hələ də bu barədə razılaşırlar. Ötən ilin noyabr ayında Almaniyanın nümayəndə heyəti Azərbaycanda oldu və bu məsələ müzakirə olundu. Hər iki hökumət əmindir ki, biz bu şəxslərin repatriasiyası ilə bağlı bir qərara gələcəyik və bu sahədə iş davam edir.

- Almaniya 2007-ci ildə AB-yə sədrlik edəcək. Almaniya Azərbaycanın AB ilə əməkdaşlığının dərinləşdirilməsinə hansı yardımı göstərə bilər?

- Bu yardımın ən mühüm hissəsi Avropa qonşuluq siyasətinin, 2006-cı ildə qəbul olunmuş Fəaliyyət planının reallaşdırılmasıdır. Bu plan AB və Azərbaycanın müxtəlif məsələlər, o cümlədən enerji məsələləri üzrə əməkdaşlıq edəcəklərini şərtləndirir. Həmçinin 2006-cı ilin noyabr ayında AB və Azərbaycan arasında "Qarşılıqlı anlaşma haqqında" memorandum imzalanıb və bu sahədə də işlər görüləcək.

Xəbər lenti

Xəbər lenti