...

Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar ilə bağlı məlumatların toplanması və yayılması üçün Milli Məclisin yanında İnformasiya – Təbliğat Mərkəzi yaradılacaq

Siyasət Materials 26 Fevral 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli məclisdə Xocalı faciəsinin 15-ci ildönümünə həsr olunmuş dinləmələr davam edir. Milli Məclis sədrinin müavini, Xocalı faciəsi üzrə yaradılmış komissiyanın sədri Bahar Muradova dinləmələrin sonunda qəbul ediləcək qərar lahiyəsini açıqlayıb. 4 bənddən ibarət olan lahiyədə deyilir ki, Azərbaycanı təmsil edən şəxslər xarici səfərlərdə olarkən, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son 100 ildə azərbaycanlıların məruz qaldıqları soyqırım aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər. Bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə olunsun. İkincisi, ermənistanın ölkəmizə hərbi təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı zamanı azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları, xüsusən də Xocalı faciəsi ilə bağlı materialların toplanması, öyrənilməsi, ümumiləşdirilməsi və yayılması məqsədi ilə Milli Məclisin yanında İnformasiya - Təbliğat Mərkəzi yaradılsın.

Üçüncüsü, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına tövsiyyə edilsin ki, Xocalı şəhərində soyqırım aktının törədilməsində iştirak etmiş şəxslərin dairəsini müəyyən edilməsi və cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün görülən tədbirləri gücləndirsinlər.

Dördüncüsü, Azərbaycan Respublikasının Dağlıq Qarabağla məşğul olan dövlət və qeyri-dövlət qurumlarına tövsiyyə edilsin ki, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin daha geniş yayılması və ermənilərin uydurma təbliğatın qarşısı alınması üçün səylərini birləşdirsinlər.

B.Muradova qeyd edib ki, qərar lahiyəsi bundan əvvəl qəbul edilən qərarlara nisbətən təkmilləşdirilib və Xocalı faciəsini törədənlərin konkret siyahısı müəyyənləşdirilib.

Dinləmələr davam edir.

Xəbər lenti

Xəbər lenti