...

Məclis sədri: "Dünya Azərbaycanlıları Konqresinin qurultayının vaxtının dəyişməsi bu dəfə ciddi problem yaratmayacaq"

Siyasət Materials 14 May 2007 12:05 (UTC +04:00)
Məclis sədri: "Dünya Azərbaycanlıları Konqresinin qurultayının vaxtının dəyişməsi bu dəfə ciddi problem yaratmayacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) doqquzuncu qurultayının vaxtının və yerinin dəyişdirilməsi təşkilat daxilində ciddi problemlər yaratmayacaq. Bu barədə DAK Məclisinin sədri Sabir Rüstəmxanlı bazar ertəsi açıqlama verib.

Mayın 28-də Türkiyədə keçirilməsi nəzərdə tutulan qurultayın 14-15 iyulda Almaniyanın Köln şəhərində keçirilməsinə qərar verilib. Əvvəlcə ötən ilin sonuna təyin olunmuş qurultayın vaxtının təxirə salınması, sonra yenidən bu tarixin dəyişməsi DAK-ın daxilində narazılıqlar yaratmışdı.

Rüstəmxanlı bildirib ki, bu dəfə ciddi narazılıqların olacağını gözləmir, çünki Türkiyə prezident seçkisi ərəfəsində olduğu üçün orada ictimai, siyasi durum gərgindir.

Rüstəmxanlı eyni zamanda deyib ki, yay aylarında bir çox insanların tətildə, istirahətdə olmasını nəzərə alaraq qurultayın yayda deyil, payızda keçirilməsi daha məqsədəuyğun olardı: "Lakin bu işlərlə Sədr Aparatı məşğul olur, əgər belə qərar veriblərsə, hesab edirəm ki, çox ciddi problem yaranmayacaq. Qurultayın Avropa ölkəsində keçirilməsi isə əhəmiyyətlidir"-deyən Rüstəmxanlı əlavə edib ki, qurultayda Güney Azərbaycandakı vəziyyət müzakirə olunacaq, orada insan haqlarının pozulmasına dair beynəlxalq təşkilatlara müraciətlər qəbul ediləcək. Həmçinin DAK-ın Nizamnaməsinə dəyişikliklər ediləcək, Sədr Apparatı, İdarə Heyəti formalaşdırılacaq.

DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat əsasən İranda yaşayan azərbaycanlıların hüquqlarının tanınması, Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti