...

Bakının Nizami rayonunda bu ilin dörd ayında narkotiklərlə bağlı 48 cinayət faktı qeydə alınıb

Siyasət Materials 18 May 2007 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir, K. Zərbaliyeva/ Bakının Nizami rayonunda bu ilin dörd ayında narkotiklərlə bağlı 48 cinayət faktı qeydə alınıb. Bu cinayətlərə görə isə 41 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Qanunsuz dövriyyədən 2 kiloqram yarım müxtəlif növ narkotik vasitələr çıxarılıb. Bu barədə cümə günü Nizami rayonundakı 32 saylı orta məktəbdə Narkomanlığa və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının təşkil etdiyi "Narkotiklər gənclər üçün oyuncaq deyil" mövzusundakı elmi-praktiki konfransda bildirilib. Ötən il isə rayonda narkotiklərlə bağlı 112 cinayət qeydə alınıb, bu cinayətlərə görə, 102 nəfər cinayət məsuliyyətinə cəlb olunub, qanunsuz dövriyyədən isə 10 kiloqram 500 qram narkotik maddə çıxarılıb.

Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsrafil Əliyev cümə günü Trend ə bildirib ki, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə effektli nəticələrin əldə olunması üçün gənclər arasında maarifləndirmə işinin aparılmasına ehtiyac var. Əliyevin sözlərinə görə, bu problemlə mübarizədə cəzalandırma tədbirlərinin görülməsi səmərəli nəticə vermədiyindən marifləndirmə və profilaktik tədbirlərə üstünlük verilir. Gənclərin və yetkinlik yaşına çatmayan uşaqların narkomanlığa meyl etməsi sırf məlumatsızlıqdan, onların bu ümumbəşəri problemin doğurduğu nəticələrdən xəbərsiz olmalarından yaranır.

Konfransda bu problemə əlaqədar nazirlik və dövlət komitələrinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, icra hakimiyyətinin əməkdaşları və gənclər iştirak edib. Rayon gənclərini maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti