...

Azərbaycan prezidenti ABŞ dövlət katibinin xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 23 May 2007 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Prezident sarayında ABŞ dövlət katibinin iqtisadi və ticarət məsələləri üzrə xüsusi nümayəndəsi Frenk Mermudun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Mermud Azərbaycana səfərdə əsas məqsədinin iki ölkə arasında iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi olduğunu bildirib. Qonaq səfəri zamanı bir sıra uğurlu görüşlər keçirdiyini və onu müşayiət edən ABŞ-ın müxtəlif şirkət nümayəndələrinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını araşdırmaq üçün Azərbaycanın rayonlarında olduqlarını qeyd edib. Mermud kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan bir sıra müəssisələrə şəxsən baş çəkdiyini və burada gördüklərinin onda xoş təəssürat doğurduğunu deyib. Prezident Əliyev Azərbaycan hökumətinin kənd təsərrüfatının inkişafına böyük önəm verdiyini və bu sahədə ABŞ ilə əməkdaşlığın genişləndirilməsindən razılığını bildirib. Azərbaycan əhalisinin təxminən yarısının kənd yerlərində yaşadığını qeyd edən Əliyev bu sahənin inkişafının ölkə üçün təkcə iqtisadi deyil, həm də sosial əhəmiyyət daşıdığını vurğulayıb. Prezident Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq təcrübəsinin mövcud olduğunu xatırladaraq bildirib ki, bu təcrübədən kənd təsərrüfatı sahəsində də istifadə üçün yaxşı imkanlar var.

Xəbər lenti

Xəbər lenti