Azərbaycan, Şəki / Trend müxbir P.Əliyeva/ Azərbaycana daxil olan narkotik maddələrin 85 faizi İrandan gətirilir. Bu barədə şənbə günü Lənkəranda keçirilən elmi-praktiki konfransda Dövlət Gömrük Komitəsinin əməkdaşı Oqtay Məmmədov açıqlama verib.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı mübarizə üzrə dövlət komisiyasının işçi qrupu və Lənkəran şəhər icra hakimiyyətinin ilə birgə keçirdiyi tədbirdə bildirilib ki, İranın Azərbaycanın cənub bölgəsi ilə həmsərhəd olması bu zonada krimonogen durumu çətinləşdirir.
İşçi qrupunun rəhbəri İsrafil Əliyevin verdiyi məlumata görə, Azərbaycanda 18 min 704 nəfər narkoman rəsmi qeydiyyatdan keçib. Qeydiyyatda olmayan narkomanların sayının 100 min nəfərdən çox olması ehtimal olunur. Onların 1037-si QİCS daşıyıcısıdır. Onların böyük hissəsi - 900 nəfəri yenə də cənub bölgəsinin - Lənkəranın payına düşür.
Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət Komitəsinin əməkdaşı Vəsilə Mövsümova narkotiklərin qanunsuz dövriyəsi ilə bağlı cinayət işinə cəlb edilənlərdən 84-nün qadın olduğunu və 70 faizdən çoxunun cənub zonasından olan qadınlar olduğunu bildirib. Onların 11 nəfəri azyaşlı qızlardır.