...

YAP icra katibi: "Hazırkı Seçki Məcəlləsi demokratik və ədalətli seçkilərin keçirilməsinə imkan verir"

Siyasət Materials 11 İyun 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, hazırkı Seçki Məcəlləsi Azərbaycanda demokratik və ədalətli seçkilərin keçirilməsi üçün zəruri olan hüquqi bazanı yaradır. Bu barədə bazar ertəsi Bakıda YAP icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

"Ola bilər ki, Seçki Məcəlləsində bəzi xırda texniki düzəlişlərin edilməsinə ehtiyac var. Bunlar daha çox seçkilərin keçirilməsi zamanı ortaya çıxa biləcək texniki məsələlərin həll edilməsi ilə əlaqədardır. Çünki belə böyük bir sənəd hazırlanarkən ortaya çıxa biləcək bütün məqamlar nəzərdə tutulmayıb və tutula da bilməzdi" - deyə Əhmədov əlavə edib.

Onun fikrincə, Azərbaycanın seçki qanunvericiliyində prinsipial dəyişiklik edilməsinə ehtiyac yoxdur. YAP rəsmisi qeyd edib ki, hər seçki ərəfəsində Seçki Məcəlləsini dəyişmək olmaz. Çünki hər seçkidən əvvəl belə bir dəyişiklik olarsa, onda Seçki Məcəlləsi normal qanun kimi işləməz: "1998-ci ildən Azərbaycanda keçirilən bütün seçkilər ərəfəsində seçki qanunvericiliyinin dəyişdirilməsi tələbləri irəli sürülüb. Belə bir təəssürat yaranır ki, kimlərsə seçki qanunvericiliyinin və seçki komissiyalarının tərkibini müəyyən bir formatda yaratmaq hesabına seçkilərdə uğur qazanmaq istəyirlər. Belə istəkdə olanlar həm Azərbaycanın daxilində var, həm də bəzi beynəlxalq təşkilatlar da qarşılarına belə bir məqsəd qoyublar. Biz bunun qəti şəkildə əleyhinəyik. Bu, normal hal deyil".

Əhmədov hesab edir ki, Azərbaycanın seçki qanunvericiliyi seçki prosesində iştirak edən bütün qüvvələrə bərabər şərait yaradır. O qeyd edib ki, seçkilərin nəticələrinin kimlərisə qane etməməsi seçki qanunvericiliyinin və komissiyaların tərkibinin dəyişdirilməsi üçün əsas ola bilməz.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti